ELM VƏ TƏHSİL
Azərbaycan ilə Qətər Dövləti arasında təhsil əlaqələri genişlənir
Bakı, 24 may, AZƏRTAC
Qətər Dövlətinin əmirinin bu ilin martında ölkəmizə səfəri çərçivəsində əldə olunmuş razılığa əsasən və “Azərbaycan Respublikası hökuməti və Qətər Dövləti hökuməti arasında təhsil və elmi tədqiqat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”na uyğun olaraq, Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Dohaya səfər edib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, M.Cabbarov Qətər Dövlətinin təhsil və ali təhsil naziri Məhəmməd bin Əbdülvahid Əl-Həmmadi ilə görüşüb. Görüşdə ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib. M.Cabbarov “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində təhsil islahatları barədə məlumat verib.
Sonra Azərbaycanın təhsil naziri Qətər Universiteti və Həməd bin Xəlifə Universitetində olub, bu ali təhsil müəssisələrinin prezidentləri ilə görüşüb. Görüşlərdə təhsil sahəsində əməkdaşlığın və birgə fəaliyyətin genişləndirilməsinin, elmi tədqiqatların aparılmasının əhəmiyyəti qeyd edilib.
M.Cabbarov Qətər Fondu və “Təhsil Şəhəri”ndə də olub. Azərbaycanlı nazirə Qətər Dövlətinin təhsil sahəsindəki nailiyyətləri, həyata keçirilən bir sıra layihələr barədə məlumat verilib.