CƏMİYYƏT


Azərbaycan ilə Qətər arasında Birgə Komissiyanın işinin təşkili məsələləri müzakirə edilib VİDEO

A+ A

Bakı, 1 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının fövqəladə hallar naziri, Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın həmsədri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti Qətərin Baş naziri, daxili işlər naziri Şeyx Abdullah bin Nasir bin Xəlifə Əl Taninin dəvəti ilə oktyabr 31–dən noyabrın 1-dək bu ölkədə səfərdə olub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin himayəsi ilə Dohada 30 ölkədən 146 nümayəndə heyətinin iştirakı ilə keçirilən “Millipol Qətər-2016” daxili təhlükəsizlik sərgisi ilə tanış olub.

Səfər zamanı, həmçinin nazir Kəmaləddin Heydərovun Qətər Dövlətinin Baş naziri, daxili işlər naziri Şeyx Abdullah bin Nasir bin Xəlifə Əl Tani ilə görüşü olub.

Görüşdə Qətərin Baş naziri ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib, əməkdaşlığın daha da dərinləşdirilməsi üçün geniş potensialın mövcudluğunu bildirib.

Səmimi görüşə görə təşəkkürünü bildirən nazir Kəmaləddin Heydərov dövlətlərimizin başçılarının qarşılıqlı səfərlərinin, o cümlədən cari ilin martında Qətər Əmirinin Azərbaycana səfərinin ölkələrimiz arasında münasibətlərin daha da inkişafina xüsusi təkan verdiyini vurğulayıb. O, həmçinin Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın işinin təşkili ilə bağlı məlumat verib, o cümlədən FHN ilə Qətərin müvafiq qurumları arasında mövcud əməkdaşlıq münasibətlərindən geniş bəhs edib.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qətərin xarici işlər naziri Muhammad bin Abdurrahman bin Casim Əl Tani ilə də görüşüb.

Söhbət zamanı ölkələrimiz arasında əlaqələrin müxtəlif aspektləri müzakirə edilib. Azərbaycan Prezidenti İlham Əliyev və Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Əl Taninin birgə təşəbbüsü əsasında yaradılmış Hökumətlərarası Komissiyanın fəaliyyətinin təşkili ilə bağlı geniş fikir mübadiləsi aparılıb. İki ölkə arasında biznes əlaqələrinin inkişaf etdirilməsi, ticarət dövriyyəsinin artırılması və sərmayə imkanlarının genişləndirilməsi məqsədilə Birgə Komissiyanın işinin səmərəli təşkilinin vacibliyi qeyd edilib. Bununla əlaqədar hazırkı mərhələdə qarşılıqlı maraq doğuran istiqamətlər müəyyən olunaraq, yaxın zamanlarda Birgə Komissiyanın ilk iclasının təşkili məqsədəuyğun hesab edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.