CƏMİYYƏT
Azərbaycan ilə Rusiya arasında fövqəladə hallar sahəsində kompleks əməkdaşlıq planı imzalanıb
Bakı, 20 sentyabr, AZƏRTAC
Sentyabrın 20-də “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Nazirliyi arasında 2017-2019-cu illər üzrə Kompleks Əməkdaşlıq Planı” imzalanıb. Sənədi Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması naziri Vladimir Puçkov imzalayıblar.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AZƏRTAC-a bildiriblər ki, görüşdə iki ölkənin nazirlikləri arasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğu vurğulanıb, əlaqələrin perspektivləri müzakirə edilib.
Sonda FHN-in bir qrup əməkdaşı Rusiyanın müvafiq qurumunun medalları ilə təltif edilib.
Görüşdən sonra Vladimir Puçkovun başçılıq etdiyi nümayəndə heyəti FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Böhranların idarə edilməsi zalının fəaliyyəti ilə tanış olub.