SİYASƏT


Azərbaycan ilə Rusiya arasında hərbi sahədə əməkdaşlığın vəziyyəti müzakirə olunub

A+ A

Bakı, 15 avqust, AZƏRTAC

Avqustun 15-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə işgüzar səfərdə olan Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qarşılanma mərasimindən sonra ordu generalı S.Şoyqu Silahlı Qüvvələrin Baş Qərargahının binasında ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən muzeylə tanış olub.

Geniş tərkibdə keçirilən görüşdə general-polkovnik Z.Həsənov Azərbaycan ilə Rusiya arasında əlaqələrin inkişafında ölkə rəhbərlərinin görüşlərinin mühüm rol oynadığını deyib. Nazir əməkdaşlığın dostluq münasibətləri, qarşılıqlı inam üzərində qurulduğunu və əlaqələrin daim inkişaf etdiyini xüsusi vurğulayıb.

Ənənəvi “Beynəlxalq Ordu Oyunları – 2016” yarışlarına uğurla ev sahibliyi etdiyinə görə rusiyalı həmkarını təbrik edən Azərbaycanın müdafiə naziri Silahlı Qüvvələrimizin hərbi qulluqçularının bu mötəbər müsabiqədə bundan sonra da iştirak edərək peşəkarlıqlarının artırılmasının zəruriliyini bildirib.

Müdafiə naziri Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində ərazilərimizin işğal olunması faktını, bunun nəticəsində bir milyondan çox soydaşımızın doğma ocaqlarından didərgin salınaraq qaçqın və məcburi köçkün vəziyyətinə düşməsini qonaqların diqqətinə çatdırıb.

Ordu generalı S.Şoyqu ölkələrimiz arasındakı əlaqələrin möhkəm dostluq münasibətlərinə əsaslandığını, Rusiyanın Azərbaycanın vacib tərəfdaşı olduğunu qeyd edib. O, belə görüşlərin ikitərəfli münasibətlərin, eləcə də hərbi və hərbi-texniki sahədə əməkdaşlığın genişlənməsi baxımından zəruriliyini bir daha vurğulayıb.

Sonra tərəflər hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əlaqələrin inkişaf perspektivlərini müzakirə ediblər.

Söhbət zamanı beynəlxalq və regional təhlükəsizlik problemləri, Xəzər dənizində hərbi əməkdaşlıq, o cümlədən birgə hərbi təlimlərin keçirilməsi, təcrübə mübadiləsi məqsədilə mütəxəssislərdən ibarət heyətlərin qarşılıqlı səfərlərinin təşkili və digər məsələlər barədə də geniş fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.