İQTİSADİYYAT
Azərbaycan ilə Rusiya arasında rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında saziş layihəsi müzakirə olunub
Bakı, 24 may, AZƏRTAC
Azərbaycanın Rusiya ilə rabitə və yüksək texnologiyalar sahəsində əməkdaşlığı rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin Rusiya Federasiyasının rabitə və kütləvi kommunikasiyalar naziri Nikolay Nikiforov ilə görüşündə müzakirə edilib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Tacikistanın paytaxtı Düşənbədə keçirilən Regional Rabitə Birliyinin növbəti iclasları çərçivəsində keçirilən görüşdə tərəflər rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında saziş layihəsi ətrafında, eləcə də iki ölkə arasında informasiya texnologiyaları, poçt rabitəsi və informasiya təhlükəsizliyi sahəsində müzakirələr aparıblar.
Bu görüşün iki nazirlik arasında əməkdaşlıq əlaqələrinin, informasiya-kommunikasiya texnologiyaları sahəsində Rusiya-Azərbaycan münasibətlərinin inkişafına əlavə impuls verəcəyi bildirilib.
N.Nikiforov bildirib ki, cari ildən iki nazirlik arasında əməkdaşlıq yeni inkişaf mərhələsinə qədəm qoyub.
R.Quluzadə sahə üzrə qarşılıqlı əməkdaşlıq əlaqələrinin və təcrübə mübadiləsinin genişləndirilməsinin faydalı olacağını qeyd edib.