MƏDƏNİYYƏT
Azərbaycan ilə Rusiya arasında turizm sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunub
Bakı, 17 aprel, AZƏRTAC
Aprelin 17-də ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Krasnodar vilayətinin kurortlar və turizm nazirinin müavini Oleq Şutovun rəhbərlik etdiyi nümayəndə heyəti mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovla görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə N.Səmədov Rusiya Federasiyası ilə əlaqələrin dostluq münasibətlərinə əsaslandığını, Krasnodar vilayəti ilə turizm sahəsində əməkdaşlığın inkişafı üçün böyük perspektivlərin olduğunu və vilayətin rəhbərliyinin bu istiqamətdə səylərini alqışladığını diqqətə çatdırıb.
O, ölkəmizdə keçiriləcək mühüm beynəlxalq tədbirlər barədə qonaqlara geniş məlumat verib.
Oleq Şutov öz növbəsində gələcəkdə əməkdaşlığın genişləndiriləcəyinə ümidvar olduğunu qeyd edib.
Qonaq Krasnodar vilayəti, onun turizm imkanları, Soçi Olimpiya oyunları üçün yaradılmış infrastrukturun istifadəsi barədə məlumat verib. Azərbaycan ilə turizm əlaqələrinin genişləndirilməsi, ölkəmizdən həmin bölgəyə turist axınının artırılmasında maraqlı olduqlarını bildirib.
Oleq Şutov Azərbaycan ilə Krasnodar vilayəti arasında turizm sahəsində əlaqələrin bundan sonra daha da genişlənəcəyinə inamını ifadə edib.