SİYASƏT
Azərbaycan ilə Rusiyanı möhkəm dostluq və sıx iqtisadi əməkdaşlıq əlaqələri bağlayır
Bakı, 24 fevral, AZƏRTAC
Fevralın 24-də “Sputnik Azərbaycan” beynəlxalq mətbuat mərkəzində “Rusiya və Azərbaycan: əməkdaşlıq və inkişafın 25 ili” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, jurnalistlərlə görüşdə Rusiya Federasiyası İctimai Palatasının üzvü Sergey Markov, RF Dövlət Dumasının deputatı, ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, televiziya aparıcısı Oksana Puşkina, informasiya siyasəti, informasiya texnologiyaları və rabitə komitəsi sədrinin müavini Aleksandr Yuşşenko və Rusiyanın digər yüksək vəzifəli şəxsləri öz fikirlərini bölüşüblər.
Sergey Markov qeyd edib ki, ötən 25 il ərzində Rusiya və Azərbaycan böyük əməkdaşlıq yolu keçib. Bu müddətdə ölkələrimizin bir-birinə çox yaxınlaşmasında hər iki dövlətin prezidentləri böyük rol oynayıblar. Rusiyanı və Azərbaycanı ildən-ilə möhkəmlənən bir çox istiqamətlər üzrə sıx iqtisadi əməkdaşlıq bağlayır.
Oksana Puşkina Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə bağlı xatirələrini bölüşərək bildirib ki, bu nadir şəxsiyyətlə onun haqqında proqramın çəkilişi üçün Bakıya gəldiyi zaman tanış olub. O.Puşkina vurğulayıb ki, “Jenskiy vzqlyad” televiziya verilişinin buraxılışlarından biri də Azərbaycanın birinci xanımına həsr edilmişdi.
Aleksandr Yuşşenko müstəqillik illərində Azərbaycanın çox böyük inkişaf yolu keçdiyini və heyrətamiz nailiyyətlər qazandığını vurğulayıb. “Rusiya və Azərbaycan hər zaman müxtəlif məsələlərdə bir-birlərini dəstəkləyib, beynəlxalq proseslərdə isə prezidentlərimizin baxışları çox zaman üst-üstə düşür”, - deyə A.Yuşşenko qeyd edib.
Sonra tədbir diskussiyalarla davam edib və qonaqlar jurnalistlərin suallarını cavablandırıblar.