ELM VƏ TƏHSİL
Azərbaycan ilə Rusiyanın təhsil sahəsində əməkdaşlığı genişlənir
Bakı, 18 aprel, AZƏRTAC
Təhsil nazirinin müavini Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyətinin Moskvaya səfəri çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ə.Muradov və Rusiyanın “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin rektoru Y.Kuzminov iki universitet arasında “Elm, tədris və mədəniyyət sahəsində əməkdaşlığa dair Saziş” imzalayıblar.
Bu sənəd Rusiyanın nüfuzlu ali təhsil müəssisələrindən olan Ali İqtisadiyyat Məktəbi ilə tələbə mübadiləsi, ikili diplom proqramlarının hazırlanması, birgə elmi-tədqiqat layihələrinin, müəllim və tələbələr üçün təcrübə proqramlarının həyata keçirilməsi və digər sahələrdə uzunmüddətli əməkdaşlığı nəzərdə tutur.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyəti əvvəlcə K.Kərimov adına 157 nömrəli etnomədəni Azərbaycan komponentli orta məktəbdə olub. Məktəbin direktoru E.İsmayılova təhsil müəssisəsinin fəaliyyəti barədə məlumat verib, burada təhsil alan şagirdlərin 30-dək etnik qrupu təmsil etdiyini bildirib.
Şagirdlər Azərbaycan dilində şeirlər söyləyib, mahnılar səsləndirib və milli rəqslərdən nümunələr ifa ediblər.
C.Bayramov təhsil müəssisəsinin Azərbaycan və rus dillərinin tədrisində və Azərbaycan mədəniyyətinin qorunub saxlanması sahəsindəki fəaliyyətini, əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib. Azərbaycan nümayəndə heyəti adından məktəbə xatirə hədiyyələri təqdim olunub.
Sonra nümayəndə heyəti Rusiyanın Elm və Təhsil Sahəsinə Nəzarət üzrə Federal Agentliyində işçi görüş keçirib. Görüşdə hər iki ölkədə təhsil müəssisələrinin standartları sahəsində aparılan islahatlar və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub, işçi səviyyədə əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb.
Eyni zamanda, Rusiyanın təhsil və elm nazirinin müavini V.Kaqanov və Rusiyanın MDB, Xaricdə Yaşayan Həmvətənlər və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyi rəhbərinin müavini L.Yefremova ilə birgə görüş olub.
Görüşdə tələbə mübadiləsi, müəllim hazırlığı və digər sahələrdə qarşılıqlı əlaqələrin inkişaf istiqamətləri müzakirə edilib.