SİYASƏT


Azərbaycan ilə Tacikistan arasında sənaye sahəsində əməkdaşlıq üçün geniş imkanlar var

Düşənbə, 29 may, АZƏRTAC 

Tacikistanın Baş nazirinin müavini Ozim İbroxim Azərbaycanın bu ölkədəki səfiri Abbasəli Həsənovla görüşüb.

Tacikistan ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə təbriklərini çatdıran O.İbroxim ötən illər ərzində iki ölkə arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini, əsasını Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Tacikistan Prezidenti Emomali Rahmonun qoyduğu dostluq və tərəfdaşlıq münasibətlərinin bu gün də davam etdirildiyini bildirib.

Baş nazirin müavini ölkəmizlə əlaqələrin inkişafından məmnun qaldığını bildirərək iqtisadi sahədə fəallığın artırılmasında, Azərbaycan sərmayəsinin Tacikistana gətirilməsində maraqlı olduqlarını vurğulayıb.

A.Həsənov da ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılmasının 25 illiyi münasibətilə təbriklərini və xoş arzularını çatdırıb, Azərbaycan ilə Tacikistan arasında iqtisadi, xüsusən də sənaye sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirib, mövcud potensialın hər iki ölkə xalqlarının mənafeyinə yönəldilməsini vacib hesab edib.

Səfir Tacikistan Sənaye Nazirliyi əməkdaşlarının bu günlərdə Bakıya səfər etdiklərini, Azərbaycanın xalçaçılıq sahəsində əldə etdiyi uğurlarla tanış olduqlarını xatırladıb. Onların Tacikistanda da xalçaçılıq müəssisələrinin yaradılması istiqamətində Azərbaycanın təcrübəsindən istifadə etmək niyyətində olduqlarını diqqətə çatdırıb.

Görüşdə Azərbaycan ilə Tacikistan arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi yolları araşdırılıb, Azərbaycan-Tacikistan Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının növbəti iclasının keçirilməsi və bir sıra digər məsələlər müzakirə olunub.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Düşənbə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.