SİYASƏT


Azərbaycan ilə Türkiyə, Əlcəzair, İndoneziya, Cənubi Afrika Respublikası və Fələstin arasında əməkdaşlıq məsələləri müzakirə edilib

A+ A

Bakı, 18 sentyabr, AZƏRTAC

Qoşulmama Hərəkatının Venesuelanın Marqarita adasında keçirilən zirvə toplantısında iştirak edən xarici işlər naziri Elmar Məmmədyarov Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Əlcəzairin xarici işlər naziri Ramtan Lamamra, İndoneziyanın xarici işlər naziri Retno Marsudi, Cənubi Afrika Respublikasının beynəlxalq əlaqələr və əməkdaşlıq naziri Maite Nkoana-Maşabane və Fələstinin xarici işlər naziri Riyad əl-Maliki ilə görüşlər keçirib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşlərdə siyasi, iqtisadi və humanitar sahələrdə ikitərəfli əməkdaşlığın inkişafına dair ətraflı fikir mübadiləsi aparılıb. Həmçinin Qoşulmama Hərəkatı və BMT Baş Məclisinin 71-ci sessiyasının gündəliyində duran məsələlər müzakirə edilib. Ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi qeyd olunub.

Nazir Elmar Məmmədyarov həmkarlarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinin mövcud vəziyyəti haqqında məlumat verib. E.Məmmədyarov Qoşulmama Hərəkatı çərçivəsində münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi əsasında həllinə münasibətdə ifadə olunan ardıcıl ədalətli mövqeyin yüksək qiymətləndirildiyini vurğulayıb.

Venesuelada keçirilən zirvə toplantısında Qoşulmama Hərəkatına 2019-2022-ci illərdə sədrliyin Azərbaycan Respublikasına keçməsi və Hərəkatın 18-ci Sammitinin 2019-cu ildə Azərbaycanda keçirilməsi barədə qərarın qəbul olunmasının gözləndiyini deyən Elmar Məmmədyarov qeyd edib ki, Azərbaycan sədrlik dövründə Hərəkatın məqsəd və məramlarının təşviqi və inkişafı istiqamətində səylərini əsirgəməyəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.