ELM VƏ TƏHSİL
Azərbaycan ilə Türkiyə arasında münasibətlərin inkişafında media böyük rol oynayır
Bakı, 18 mart, AZƏRTAC
Ölkəmizə səfərə gəlmiş bir qrup tanınmış türkiyəli jurnalist - Antalya Jurnalistlər Cəmiyyəti və Aralıq Dənizi Jurnalistlər Federasiyasının sədri, Türkiyə Jurnalistlər Konfederasiyası baş direktorunun müavini Mövlud Yeni, Burdur Jurnalistlər Cəmiyyətinin sədri Kürşad Tuncel, Yenigün-Aralıq Dənizi Jurnalistlər Federasiyası baş direktorunun müavini, Aralıq Dənizi Qəzet Sahibləri Dərnəyinin sədri Əhməd Duran Yenigün, Aralıq Dənizi Jurnalistlər Federasiyası idarə heyətinin üzvü Əli Buldu, Antalya Jurnalistlər Cəmiyyəti sədrinin müavini İdris Daş, Aralıq Dənizi Jurnalistlər Federasiyası baş direktorunun müavini, Osmaniyə Jurnalistlər Cəmiyyətinin sədri Əli Cahangir, Antalya Jurnalistlər Cəmiyyəti sədrinin müavini Mustafa Taş, məşhur təbrizli şair Səməd Behrənginin qohumu Fərəhnaz Zəfərani martın 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda olub.
Fonddan AZƏRTAC-a bildiriblər ki, görüşdə Türkiyədən ölkəmizə qonaq gələn media nümayəndələri, onların rəhbərlik etdikləri qurumlarla əməkdaşlıq perspektivindən danışan Milli Məclisin deputatı Qənirə Paşayeva bu istiqamətdə Bilik Fondunun layihələr həyata keçirəcəyinə əminliyini bildirib. Diqqətə çatdırılıb ki, güclü dövlətlər olan Azərbaycan və Türkiyə regionda böyük nüfuza malikdir. Ölkələrimiz arasında bütün istiqamətlərdə münasibətlərin inkişafında media böyük rol oynayır.
Türkiyəli qonaqları Bilik Fondunda görməkdən məmnunluğunu bildirən, fondun icraçı direktoru Oqtay Səmədov gələcək fəaliyyət planının hazırlanmasına ehtiyac duyulduğunu deyib. Fondun “Qardaşlaşmış məktəblər” layihəsi çərçivəsində Azərbaycan, Türkiyə və Rusiya məktəbliləri arasında imzalanan “Qardaşlaşma Sazişi”ni xatırladan O.Səmədov deyib ki, mətbuat həm siyasi, həm mədəni, həm humanitar münasibətlərə xələl gəlməsinin qarşısında sipər olmalıdır. Bilik Fondu müvafiq istiqamətdə layihələrin həyata keçirilməsinə həmişə hazırdır.
Ölkəmizə səfərlə bağlı təəssüratlarını bölüşən türkiyəli qonaqlar Azərbaycan mətbuatı ilə sıx əlaqə saxladıqlarını vurğulayıblar. Qeyd edilib ki, bu əlaqələrin bir nümunə kimi beynəlxalq mətbuat aləminə çıxarılması məqsədəuyğundur. Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq münasibətləri bütün sahələri eyni səviyyədə əhatə etməli və mətbuat bu istiqamətdə səylə çalışmalıdır.