ELM VƏ TƏHSİL
Azərbaycan ilə Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
Ankara, 20 sentyabr, AZƏRTAC
Sentyabrın 20-də Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov bu ölkənin milli təhsil naziri İsmət Yılmaz ilə görüşüb.
Türkiyədə yeni tədris ilinin başlaması münasibətilə İsmət Yılmazı təbrik edən səfir Faiq Bağırov ölkələrimiz arasında təhsil sahəsində əlaqələrin sürətlə inkişaf etdiyini bildirib. O, ölkələrimizin mövcud ikitərəfli əməkdaşlıq münasibətlərinin bütün dünya üçün nümunə olduğunu vurğulayıb.
Səmimi təbrikə görə səfirə minnətdarlığını ifadə edən nazir İsmət Yılmaz Azərbaycan və Türkiyə arasında təhsil sahəsindəki proseslərin inkişafda olmasından məmnunluğunu ifadə edib.
Görüşdə ölkələrimiz arasında təhsil sahəsində görülən işlər və tələbələrin qarşılaşdığı məsələlərə dair ətraflı müzakirələr aparılıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara