İQTİSADİYYAT


Azərbaycan ilə Türkmənistan arasında aqrar sektorda əməkdaşlığın inkişafı üçün potensial imkanlar mövcuddur

A+ A

Bakı, 3 noyabr, AZƏRTAC

Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri İlham Bayramov Türkmənistan Respublikası Parlamentinin sədr müavini xanım Qurbangül Bayramovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə kənd təsərrüfatının subsidiyalaşması, fermer qeydiyyatı sistemi, torpaq sahələri üzrə informasiya sistemlərinin yaradılması və işlədilməsi prosesində İKT-dən istifadə, “E-Agro” layihəsi (elektron kənd təsərrüfatı) çərçivəsində beynəlxalq əməkdaşlıq məsələlərindən söz açılıb.

Aparat rəhbəri Türkmənistan ilə Azərbaycan arasında tarixi qonşuluq əlaqələrindən danışıb, iqtisadiyyatın bütün sahələrində olduğu kimi, aqrar sektorda da əməkdaşlığın inkişaf etdiyinə əminliyini bildirib.

İlham Bayramov ölkə rəhbərliyinin aqrar sahəyə göstərdiyi diqqət və qayğı, həmçinin hökumət tərəfindən kənd təsərrüfatının müxtəlif sahələrinə ayrılan subsidiyalar, ixracyönümlü sahələr, xüsusilə pambıqçılıq, baramaçılıq, tütünçülük və çəltikçiliyə diqqət yetirildiyi barədə geniş məlumat verib. Ölkəmizdə istehsal olunan kənd təsərrüfatı məhsullarının ekoloji baxımdan keyfiyyətliliyi nəzərə çatdırılıb. Azərbaycanın iqlim şəraitinin Türkmənistanın iqlim şəraitinə yaxın olduğunu qeyd edən İ.Bayramov hər iki ölkədə kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı üçün potensial imkanların mövcudluğunu bildirib.

Azərbaycanda torpaq islahatlarının ulu öndər Heydər Əliyev tərəfindən uğurla həyata keçirildiyini və bu gün torpaqların sahibkarların mülkiyyətinə çevrildiyini vurğulayan aparat rəhbəri bildirib ki, ölkəmizdə fermer və sahibkarlar torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azaddırlar.

İ.Bayramov respublikamızda elektron kənd təsərrüfatı sisteminin yaradılması barədə ətraflı məlumat verərək, İtaliyanın “Abaco” şirkəti ilə müqavilə əsasında Azərbaycanda kənd təsərrüfatını hərtərəfli əhatə edən elektron sistemin tətbiq edildiyini bildirib. Sistemin 7 modulunun hazırda fəaliyyət göstərdiyini vurğulayan aparat rəhbəri deyib ki, artıq regionlarda da pilot layihələr həyata keçirilib və sistem üzrə təlimlər davam edir.

Hollandiyadan dəvət edilmiş ekspert Andre Kvitovski də müzakirələrə qoşularaq, öz təcrübələrini bölüşüb.

Qurbangül Bayramova Azərbaycanın elektron kənd təsərrüfatı sistemi barədə ətraflı məlumata görə minnətdarlığını bildirib.

Sonda sistemin bəzi funksiyaları üzrə fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.