SİYASƏT
Azərbaycan ilə Ukrayna arasında yaxın tərəfdaşlıq münasibətləri var
Bakı, 31 mart, AZƏRTAC
Xarici işlər naziri Elmar Məmmədyarov Ukrayna Ali Radasında Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Elmar Məmmədyarov parlamentlərarası əməkdaşlığın vacibliyini vurğulayaraq, bu səfərin ölkələrimizin əlaqələrinin inkişafına töhfə verəcəyini bildirib. Azərbaycan ilə Ukrayna arasında yaxın tərəfdaşlıq münasibətlərinin olduğunu qeyd edən Elmar Məmmədyarov hər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığını və qarşılıqlı dəstəyini diqqətə çatdırıb.
Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Roman Nəsirov Azərbaycan ilə əməkdaşlığın inkişafına əhəmiyyət verdiklərini və səfər çərçivəsində məhsuldar görüşlərin keçirildiyini vurğulayıb. O, Azərbaycan ilə müxtəlif sahələrdə təcrübə mübadiləsinin aparılmasında maraqlı olduqlarını bildirib.
Görüşdə Azərbaycan ilə Ukrayna arasında kənd təsərrüfatı, sənaye, mədəniyyət, idman və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub və əlaqələrin daha da inkişafı baxımından hökumətlərarası müştərək komissiyanın əhəmiyyəti vurğulanıb.