SİYASƏT
Azərbaycan ilə Yaponiya arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
Tokio, 19 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Muxtar Babayevin və qrupun digər üzvü, deputat Kamran Nəbizadənin Tokioya səfəri zamanı iki ölkə arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.
Oktyabrın 17-18-də baş tutmuş səfər çərçivəsində tərkibinə ölkəmizin Yaponiyadakı səfiri Gürsel İsmayılzadənin də daxil olduğu Azərbaycan nümayəndə heyəti Yaponiya xarici işlər nazirinin parlament işləri üzrə müavini Motome Takezava, parlamentin üzvü, Yaponiya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Akira Amari, JATA-nın prezidenti Tadaşi Şimura və JICA-nın vitse-prezidenti Hidetoşi İriqaki ilə görüşüb.
Görüşlərdə oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyinin qeyd olunduğu nəzərə çatdırılıb, Azərbaycanın son illər Prezident İlham Əliyevin başçılığı ilə əldə edilmiş nailiyyətlər barədə məlumat verilib. Həmçinin sentyabrın 26-da Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi ilə bağlı referendumun keçirildiyi, Azərbaycan xalqı tərəfindən dəstəklənmiş bu əlavə və dəyişikliklərin dövlətçiliyimizin daha da gücləndirilməsinə təkan verəcəyi bildirilib.
Azərbaycan-Yaponiya ikitərəfli münasibətlərinin müzakirə olunduğu görüşlər zamanı iki ölkə arasında enerji sektoru ilə yanaşı, iqtisadiyyat, turizm, kənd təsərrüfatı, rabitə, informasiya texnologiyaları, təhsil, mədəniyyət və digər sahələr üzrə əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.
Görüşlərdə Yaponiya tərəfinin diqqətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumatlar da çatdırılıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio