MƏDƏNİYYƏT
Azərbaycan incəsənət ustalarının çıxışları fransalı tamaşaçıların böyük marağına səbəb oldu
On gün davam edəcək “şəhərciyin” üçüncü günündə Azərbaycanın Əməkdar Artisti Natiq Şirinovun rəhbərlik etdiyi “Natiq ritm qrupu” fransalı tamaşaçılar qarşısında çıxış edib. Qrupun ifa etdiyi “Həyata gəliş”, “Beş yarım”, “Arabeska”, “Caz” və “Atəşgah” rəqs musiqi nömrələri tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.
Paytaxt sakini Katrin Bojar “Azərbaycan şəhərciyi”ndən və ritm qrupunun çıxışından aldığı təəssüratı AZƏRTAC-a danışıb: “Azərbaycan barəsində yalnız onu bilirdim ki, Bakı ölkənizin paytaxtıdır, neft və qazla zəngindir. Amma bu gün “şəhərcik”lə tanışlıq sayəsində ölkəniz barədə yetərincə məlumat əldə etdim. Burada nümayiş etdirilən qədim xalçalar, qadın geyimləri, misgərlik məmulatları, mətbəx nümunələri, müxtəlif şərablar, Azərbaycanın tarixindən, mədəniyyətindən, musiqisindən, ədəbiyyatından, incəsənətindən, turizm imkanlarından bəhs edən kitablar və broşürlər ölkənizin necə qədim bir diyar olmasından, mədəni irslə zənginliyindən, Avropaya inteqrasiyasından xəbər verir.
Bu gün “Natiq ritm qrupu”nun çıxışı məni və buraya toplaşan paytaxt sakinlərini və qonaqları sözün əsl mənasında valeh etdi. Necə də oynaq musiqiniz var. Qrup üzvlərinin ifaçılıq tərzinə söz ola bilməz. Bir sözlə, istər “şəhərcik”, istərsə də ritm qrupunun çıxışı ölkəniz barədə az məlumatı olan biz fransızlarda geniş təəssürat yaratdı. Həqiqətən də Azərbaycan Qafqazın həm mirvarisi, həm də möcüzəli ölkəsidir”.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris