CƏMİYYƏT


Azərbaycan insan alverinə qarşı mübarizə sahəsində böyük nailiyyətlər əldə edib VİDEO

A+ A

Bakı, 30 iyul, AZƏRTAC

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID), Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT), Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə 30 iyul – Ümumdünya İnsan Alverinə Qarşı Mübarizə Günündə həyata keçirilən ictimai maarifləndirmə kampaniyasına start verilib.

AZƏRTAC xəbər verir ki, İçərişəhərdə keçirilən kampaniyanın açılış mərasimində BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak, Cənub-Şərqi Avropa, Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru xanım Argentina Szabados, USAID-in Bakıdakı nümayəndəliyinin rəhbəri xanım Mikaela Meredis, DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Şərif Əsədullayev, Qoruq İdarəsinin rəisi Əsgər Ələkbərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova və digərləri çıxış edərək tədbirin təşkilinin insan alverinə qarşı mübarizə sahəsində məlumatlandırma və cəmiyyətin maarifləndirilməsi baxımından əhəmiyyətini vurğulayıblar. Həmçinin kampaniyaya ictimaiyyətin çoxsaylı nümayəndələrinin fəal şəkildə qoşulacaqlarına əminlik ifadə olunub.

Baş İdarənin rəisi Şərif Əsədullayev deyib ki, BMT Baş Məclisinin 2013-cü il 18 dekabr tarixli qətnaməsinə əsasən, hər il iyulun 30-u Ümumdünya İnsan Alverinə Qarşı Mübarizə Günü kimi qeyd edilir. Bununla əlaqədar ölkəmizdə silsilə tədbirlərin keçirilməsinə iyulun 29-da Naxçıvan şəhərində start verilib və beynəlxalq konfrans təşkil olunub. İyulun 30-da Bakıda və respublikamızın müxtəlif regionlarında İnsan Alverinə Qarşı Mübarizə Günü çərçivəsində tədbirlər reallaşdırılır.

Ş.Əsədullayev deyib ki, Azərbaycan insan alverinə qarşı mübarizə sahəsində son illərdə böyük nailiyyətlər əldə edib. Azərbaycanda bu sahədə mükəmməl qanunvericilik bazası, maarifləndirmə sistemi mövcuddur. Bununla bağlı beynəlxalq təşkilatlarla işbirliyi həyata keçirilir. Ölkəmizdə müxtəlif illəri əhatə edən Milli Fəaliyyət planları haqqında məlumat verən Ş.Əsədullayev qeyd edib ki, bu çərçivədə insan alverinə qarşı mübarizə, insan alveri potensiallarının müəyyənləşdirilib maarfiləndirilməsi, cəmiyyətə inteqrasiya və reinteqrasiyası sahəsində çox ciddi addımlar atılır. Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində görülən işlər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən hazırlanmış hesabatlarda əksini tapıb. Ölkəmizin qoşulduğu beynəlxalq sənədlərdən irəli gələn öhdəliklərin icrası müsbət dəyərləndirilib.

Diqqətə çatdırılıb ki, Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən üçüncü Milli Fəaliyyət Planının reallaşdırılmasında müvafiq dövlət qurumları, vətəndaş cəmiyyəti təşkilatları və KİV nümayəndələri iştirak edirlər.

Tədbirdə insan alverinə qarşı mübarizədə əldə edilən uğurların cəmiyyətə düzgün çatdırılmasında, maarifləndirmə işinin aparılmasında beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının, mətbuatın tərəfdaşlığının rolu, hər bir dövlətdə insan hüquqlarının, ailə institutunun qorunmasının və onun düzgün formalaşmasının ən önəmli məsələ olduğu xüsusi vurğulanıb.

BMqT-nin regional direktoru xanım Argentina Szabados insan alverini müasir dövrün köləliyi adlandıraraq, onu bəşəriyyətə qarşı cinayət adlandırıb. Bütün dünya dövlətləri tərəfindən insan alverinə qarşı birgə mübarizənin vacibliyini vurğulayan A.Szabados Azərbaycan hökumətinin bu sahədə göstərdiyi səyləri dəstəklədiklərini, ölkəmizdə ailə təsisatının fəal şəkildə müdafiə olunmasına görə minnətdarlığını bildirib.

USAID-in Bakıdakı nümayəndəliyinin rəhbəri xanım Mikaela Meredis bildirib ki, ABŞ insan alverinə qarşı mübarizə sahəsində Azərbaycan ilə fəal əməkdaşlıq edir. Birləşmiş Ştatlar insan alverinə qarşı mübarizə sahəsində “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında müəyyənləşdirilən prioritetlərə uyğun olaraq, Azərbaycanla səmərəli əməkdaşlıq edir. O, USAID-in Azərbaycanın müvafiq qurumları ilə birgə layihələr həyata keçirdiklərini diqqətə çatdırıb.

M.Meredis USAID-in “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın ölkəmizdə insan alverinə qarşı mübarizənin davamlı xarakterini nümayiş etdirdiyini vurğulayıb, bu istiqamətdə göstərilən səylərə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib.

Sonra uşaqların ifasında ədəbi-bədii kompozisiya təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.