ELM VƏ TƏHSİL
“Azərbaycan iqtisadiyyatı-25: keçilmiş yola və gələcəyə baxış” mövzusunda konfrans keçirilib
Bakı, 18 oktyabr, AZƏRTAC
Oktyabrın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunda dövlət müstəqilliyimizin 25 illiyinə həsr olunmuş “Azərbaycan iqtisadiyyatı - 25: keçilmiş yola və gələcəyə baxış” mövzusunda elmi konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə İqtisadiyyat İnstitutunun direktoru Nazim İmanov müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın keçdiyi inkişaf yollarından, xüsusilə iqtisadiyyatda qazanılan uğurlardan danışıb.
Eyni zamanda, tədbirin əhəmiyyəti vurğulanıb.
Sonra AMEA-nın müxbir üzvləri Şahbaz Muradov “Müstəqillik illərində demoqrafik vəziyyət və məşğulluq: reallıqlar və problemlər”, Əli Nuriyev “Dərin böhrandan hərtərəfli inkişafa gedən yol”, Akif Musayev “Yaxın gələcəyin əsas hədəfı: postneft iqtisadiyyatı quruculuğu”, akademik Ziyad Səmədzadə “Azərbaycanın iqtisadi inkişaf strategiyası: gələcək haqqında düşüncələr” mövzularında məruzələrlə çıxış ediblər.
Məruzəçilər ulu öndər Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsində və dünyada tanınmasında əvəzolunmaz rolunu diqqətə çatdırıb, dahi rəhbərin ideyalarının Prezident İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini bildiriblər.
Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən danışan natiqlər müstəqillik illərində Azərbaycanın böyük tərəqqi yolu keçdiyini, iqtisadiyyatın, elmin, təhsilin və digər sahələrin inkişaf etdiyini, ölkəmizin dünyada nüfuzunun yüksəldiyini vurğulayıblar.
Alimlər, eyni zamanda, Azərbaycanın gələcək inkişaf perspektivləri ilə bağlı fikirlərini bölüşüblər.