ELM VƏ TƏHSİL
Azərbaycan iqtisadiyyatı dünya neft bazarı kontekstində müzakirə edilib
Bakı, 18 aprel, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilən “Azərbaycan iqtisadiyyatı dünya neft bazarı kontekstində” mövzusunda “dəyirmi masa” keçirilib.
ADİU-dan AZƏRTAC-a bildirilib ki, bu ali məktəbin beynəlxalq iqtisadi münasibətlər fakültəsinin təşkil etdiyi tədbirdə dünya neft bazarıında “qara qızıl”ın qiymətinin dəyişkənliyi, region iqtisadiyyatına və geosiyasi proseslərə təsiri barədə fikir mübadiləsi aparılıb.
Bildirilib ki, əsası Ümummilli Lider tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində Azərbaycan iqtisadiyyatının şaxələnməsi sahəsində mühüm nailiyyətlər qazanılıb.
İnteraktiv diskussiyada neftin dünya bazarındakı qiymət dəyişkənliyinin Azərbaycanda strateji yanaşmalara təsiri müzakirə olunub.
Diqqətə çatdırılıb ki, neftin qiymətinin dünya bazarında qeyri-stabillik nümayiş etdirməsinə baxmayaraq, ölkə iqtisadiyyatının inkişafı uğurla davam etdirilir. Ümumi daxili məhsul istehsalı ilə yanaşı, bütün makroiqtisadi göstəricilərdə inkişaf tempi qorunub saxlanacaq, iqtisadi diversifikasiya sürətlənəcək. Azərbaycan Respublikası Prezidentinin müəyyənləşdirdiyi prioritet istiqamətlərə uyğun olaraq iqtisadi diversifikasiyanın vacibliyi vurğulanıb.