MƏDƏNİYYƏT
“Azərbaycan” jurnalının 11-ci nömrəsi çapdan çıxıb
Bakı, 1 dekabr, Z.Mansurova, AZƏRTAC
Azərbaycan Yazıçılar Birliyinin aylıq ədəbi-bədii orqanı olan “Azərbaycan” jurnalının 11-ci nömrəsi çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, bu nömrədə də oxuculara “Poeziya”, Nəsr”, “Yeni tərcümələr”, “Tənqid və ədəbiyyatşünaslıq” və digər rubrikalarda əsərlər təqdim olunub.
“Poeziya” rubrikasında Qəşəm Nəcəfzadə, Orxan Paşa, Yusif Həsənbəy, İltifat Saleh və digər müasir dövr şairlərinin poeziya nümunələri yer alıb.
“Nəsr” bölməsində tanınmış yazar Nisə Bəyimin “Təkbuynuzlu” fantastik romanı, gənc yazarlar Qan Turalının “Samir, Samiri…”, Şiringül Musayevanın “Depressiya” povestləri çap edilib.
“Yeni tərcümələr” rubrikasında Əziz Rzazadənin tərcüməsində Frensis Skott Fitzceraldın “Bencamin Battonun sirli hekayəti”, “Tənqid və ədəbiyyatşünaslıq” rubrikasında Aynur Xəlilovanın “Kül altından közərən ocaq”, Təyyar Salamoğlunun “M.Ə.Sabir uzaq və yaxından” yazıları yer alıb.
Jurnalın “Kitablar və rəylər” rubrikasında Sona Vəliyevanın “İşığa gedən yol”, Azadə Rüstəmovanın “Klassik ədəbiyyatımızın görkəmli tədqiqatçısı”, Məmməd Arazın “Qarabağ simfoniyası”, Zərəngiz Dəmirçi Qayalının “Oğul”, Saqif Qaratorpağın “Üç adam” və digər kitablar haqqında yazılar dərc olunub.
Jurnalın redaktoru Əməkdar İncəsənət Xadimi İntiqam Qasımzadədir.