İDMAN


Azərbaycan karateçiləri “Bakı-2017”də beş qızıl, iki gümüş və üç bürünc medal qazanıblar

Bakı, 14 may, Nihad Budaqov, AZƏRTAC

IV İslam Həmrəyliyi Oyunlarının karate yarışlarının ikinci günündə - mayın 14-də Bakı İdman Sarayında idmançılar kumite və kata üzrə mübarizə aparıblar. Yarışların ikinci və sonuncu günündə karateçilərimizdən İrina Zaretska, Ayxan Mamayev və Roman Heydərov qızıl, Fəridə Əliyeva gümüş, Asiman Qurbanlı isə bürünc medal qazanıb.

AZƏRTAC xəbər verir ki, kumite yarışlarında qadınlardan Azərbaycanı İrina Zaretska (-68 kq) və Fəridə Əliyeva (+68 kq), kişilərdən Ayxan Mamayev (-84 kq) və Asiman Qurbanlı (+84 kq) təmsil ediblər. Karatenin kata yarışlarında isə ölkəmizin təmsilçiləri qadınlarda Neda Rezei, kişilərdə isə Roman Heydərov olub.

Yarışa dörddəbir final mərhələsindən qoşulan İ.Zaretska Misir təmsilçisi Nada Muhammedə 4:3 hesabı ilə qalib gəlib. Təmsilçimiz yarımfinalda iranlı Behnoş Najafiqhaqhelestani üzərində 3:0 hesabı ilə inamlı qələbə qazanıb. O, finalda türkiyəli Eda Eltemuru 3:0 hesabı ilə məğlub edərək "Bakı-2017"nin qızıl medalına yiyələnib. Bürünc medallara isə Misir təmsilçisi Nada Muhammed və iordaniyalı Hala Traiş sahib çıxıblar.

Kumite yarışlarında mübarizə aparan Ayxan Mamayev səkkizdəbir finalda iordaniyalı Sayan Mahmudu 7:1 hesabı ilə məğlub edib. Azərbaycan idmançısı dörddəbir finalda əlcəzairli Mauad Açhaçeyə 5:3 hesabı ilə qalib gəlib. O, yarımfinalda özbəkistanlı Əbdüləziz Ataboyev üzərində 3:1 hesabı ilə qələbə qazanıb. Ayxan Mamayev finalda türkiyəli Alparslan Yamanoğlunu məğlub edərək (1:0) IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalına sahib olub. Bürünc medalları özbəkistanlı Əbdüləziz Ataboyev və misirli Muhammed Elkotbu əldə ediblər.

Kata yarışlarında Roman Heydərov səkkizdəbir finalda İndoneziya idmançısı Əhməd Yuda üzərində 4:1 hesabı ilə inamlı qələbə qazanıb. Karateçimiz dörddəbir finalda iranlı Şahyerdi Əbolfaziyə 3:2 hesabı ilə qalib gəlib. O, yarımfinalda Birləşmiş Ərəb Əmirliklərinin təmsilçisi Xəlifə Əlabarı 5:0 hesabı ilə məğlub edib. Roman Heydərov finalda türkiyəli Mehmet Yakanı 3:2 hesabı ilə məğlub edərək "Bakı-2017"nin qızıl medalına yiyələnib. Bu yarışlarda bürünc medalları misirli Zeyad Muhammed və iranlı Şahyerdi Əbolfazi qazanıblar.

Kumite yarışlarında Azərbaycan idmançısı Fəridə Əliyeva yarışa dörddəbir finaldan qoşulub. O, bu mərhələdə rəqibi əlcəzairli Atif İmeneni məğlub edib. Karateçimiz yarımfinalda pakistanlı Nargis Nargisdən 1:0 hesabla üstün olub. İdmançımız finalda türkiyəli Meltem Hocaoğluna 2:6 hesabı ilə məğlub olaraq “Bakı-2017”nin gümüş medalını qazanıb. Bürünc medalları isə Əlcəzair təmsilçisi Atif İmene və iranlı Mohadaseh Ağaei əldə ediblər.

Kumite yarışlarında Azərbaycan idmançısı Asiman Qurbanlı dörddəbir finalda Pakistan təmsilçisi Ramzan Məhəmmədi 5:1 hesabı ilə məğlub edərək yarımfinala adlayıb. O, yarımfinalda iranlı Sayad Qanzadeyə 4:5 hesabı ilə məğlub olub. Asiman Qurbanlı bürünc medal uğrunda görüşdə rəqibi Səudiyyə Ərəbistanı təmsilçisi Tareq Hamediyə 4:2 hesabla qalib gəlib. Bu çəki dərəcəsində qızıl medalı iranlı Sayad Qanzade, gümüş medalı isə Türkiyə təmsilçisi Enes Erkan qazanıb.

Xatırladaq ki, karateçilərimiz yarışın birinci günündə - mayın 13-də beş medal əldə ediblər. Medallardan ikisi qızıl, biri gümüş, ikisi isə bürünc olub. Rəfael Ağayev və Fəridə Abiyeva qızıl, İlahə Qasımova gümüş, Nuranə Əliyeva və Firdovsi Fərzəliyev isə bürünc medal əldə ediblər.

Bununla da Azərbaycan karateçiləri “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarını beş qızıl, iki gümüş və üç bürünc medalla başa vurublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.