İDMAN
Azərbaycan karateçilərinin IV İslam Həmrəyliyi Oyunlarına hazırlığı müzakirə olunub
Bakı, 19 aprel, AZƏRTAC
Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov ilə görüşüb. Görüşdə mötəbər çoxnövlü idman yarışına hazırlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Y.Bəşirov karateçilərin son yarışlarda nəticələri və IV İslam Həmrəyliyi Oyunlarına yekun hazırlıq işlərindən danışıb. O, bu dəfə də yüksək nəticə göstərmək üçün federasiyanın bütün qüvvələrini səfərbər etdiyini söyləyib.
E.Səfərov bildirib ki, Azərbaycan karateçilərinin birinci Avropa Oyunlarında göstərdikləri nəticə ölkəmizin ümumi hesabda ikinci pilləyə yüksəlməsində böyük rol oynayıb. O, IV İslam Həmrəyliyi Oyunlarında da idmançılarımızdan yüksək nəticə gözlədiyini deyib.
Sonda Y.Bəşirov “Bakı-2017”nin korporativ direktoru E.Səfərova Azərbaycan Milli Karate Federasiyasının Dünya Karate Federasiyasına üzv olmasının 20 illik yubileyi münasibətilə xatirə medalını təqdim edib.