İDMAN
Azərbaycan karateçisi Roman Heydərov “Bakı-2017”nin qızıl medalını qazanıb
Bakı, 14 may, Nihad Budaqov, AZƏRTAC
Mayın 14-də Azərbaycan karateçisi Roman Heydərov “Bakı-2017”IV İslam Həmrəyliyi Oyunlarının finalında qalib gələrək milli komandamızın 13-cü qızıl medalını qazanıb.
AZƏRTAC xəbər verir ki, R.Heydərov kata yarışının finalında türkiyəli Mehmet Yakanı 3:2 hesabı ilə məğlub edib. Bununla da Azərbaycan karateçiləri “Bakı-2017”də üçüncü qızıl medalı aktivlərinə yazıblar.
Bürünc medallara misirli Zeyad Muhammed və iranlı Şahyerdi Əbolfazi sahib olublar.
Roman Heydərov səkkizdəbir finalda İndoneziya idmançısı Əhməd Yuda üzərində 4:1 hesabı ilə inamlı qələbə qazanıb. Karateçimiz dörddəbir finalda iranlı Şahyerdi Əbolfaziyə 3:2 hesabı ilə qalib gəlib. O, yarımfinalda Birləşmiş Ərəb Əmirliklərinin təmsilçisi Xəlifə Əlabarı 5:0 hesabı ilə məğlub edib.
Roman Heydərov yeniyetmə və gənclər arasında dünya kubokunun qalibi olub. O, həmçinin Avropa çempionatının ikiqat bürünc medalçısıdır.