İDMAN


Azərbaycan komandaları Bakı Şahmat Olimpiadasının ilk turunda uğurla çıxış ediblər

A+ A

Bakı, 2 sentyabr, S.Quliyev, S.Allahverdiyeva, AZƏRTAC

Sentyabrın 2-də “Baku Crystal Hall”da 42-ci Ümumdünya Şahmat Olimpiadasına start verilib.

AZƏRTAC xəbər verir ki, yarışlarda rekord sayda komanda iştirak edir. Kişilərin turnirində 181, qadınların yarışlarında isə 142 milli komanda mükafatlar uğrunda mübarizə aparır. Turnir iştirakçılarının, hakimlərin, jurnalistlərin, məşqçilərin, habelə FIDE konqresinin nümayəndələrinin sayı ümumilikdə 3 min nəfərdən çoxdur.

İlk turda Azərbaycanın birinci yığması Zimbabve, ikinci komandamız Mozambik şahmatçıları ilə qarşılaşıb, üçüncü komandamızın rəqibləri isə Papua-Yeni Qvineya şahmatçıları olub. İki komandamız görüşünü 4:0 hesablı qələbə ilə başa vurub. İkinci komandamız isə Mozambiki 3,5:0,5 hesabı ilə məğlub edib.

Qadınlardan ibarət birinci yığmamız Nikaraqua, ikinci komandamız isə Yaponiya şahmatçılarına 4:0 hesabı ilə qalib gəliblər. Lesoto komandası yarışa gec gəldiyinə görə üçüncü komandamıza texniki qələbə verilib.

Beləliklə, ilk turda Azərbaycan komandaları aktivlərinə 2 xal yazdırıblar.

Xatırladaq ki, Azərbaycan Olimpiadada üç kişi və üç qadın komandası ilə təmsil olunur. Kişilərdən ibarət birinci komandada Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Eltac Səfərli və Arkadi Naydiç yer alıblar. İkinci komandanın tərkibinə Vasif Durarbəyli, Namiq Quliyev, Qədir Hüseynov, Nicat Abasov və Ülvi Bacarani daxil ediliblər. Üçüncü komanda isə Nail Bəşirli, Məhəmməd Muradlı, Vüqar Əsədli, Pərviz Qasımov və Abdulla Qədimbəylidən ibarətdir.

Qadın şahmatçılardan ibarət birinci komandanın heyətinə Zeynəb Məmmədyarova, Günay Məmmədzadə, Aydan Höccətova, Gülnar Məmmədova və Nərmin Kazımova cəlb olunub. İkinci komandaya Türkan Məmmədyarova, Nərgiz Umudova, Xəyalə Abdulla, Ülviyyə Fətəliyeva və Nərmin Xələfova, üçüncü komandanın heyətinə isə Nərmin Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva, Ayan Allahverdiyeva və Aynur Kətanova daxildir.

Kişilərdən ibarət komandalar arasında ən yüksək reytinq Rusiya millisinə məxsusdur. Bu komandanın əmsalı 2760-a bərabərdir. ABŞ (2740) ikinci, Çin (2735) üçüncüdür. Azərbaycanın birinci komandası 2705 reytinq xalı ilə dördüncü yeri tutur.

Turnirdə iştirak edən qadın komandaları arasında isə reytinqə görə lider Çin millisidir – 2528 xal. İkinci pilləni Rusiya (2493), üçüncü yeri isə Ukrayna (2485) tutur. Azərbaycanın birinci komandası 2320 reytinq xalına malikdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.