İDMAN
Azərbaycan komandalarının Şahmat Olimpiadasına hazırlığı müzakirə edilib
Bakı, 4 iyul, AZƏRTAC
Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan komandalarının hazırlığı məsələləri müzakirə edilib. Toplantıda əsas yığmanın Qəbələdə, ikinci komandanın isə Bakıdakı hazırlığı, o cümlədən qadın şahmatçıların ilk təlim-məşq toplanışı müzakirə edilib.
Bu barədə AZƏRTAC-a Bakı Şahmat Olımpiadasının mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov bildirib ki, olimpiadada iştirak edəcək bütün komandalara hazırlıq üçün bundan sonra da hər cür şərait yaradılacaq. O deyib: “42-ci Ümumdünya Şahmat Olimpiadası təmsilçilərimiz üçün böyük əhəmiyyət kəsb edir. Belə mötəbər yarış Azərbaycan paytaxtında ilk dəfə təşkil olunacaq. Olimpiadada layiqincə iştirak etmək üçün bütün komandalarımıza Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası tərəfindən lazımi şərait yaradılıb. Həm kişilərdən, həm də qadınlardan ibarət komandalar artıq təsdiq olunan hazırlıq proqramına uyğun məşqləri davam etdirəcək. Kişilərdən ibarət əsas yığmanın olimpiadaya qədər daha iki təlim-məşq toplanışı nəzərdə tutulub. Ümid edirik ki, komandalarımız Bakı Şahmat Olimpiadasında Azərbaycanın idman şərəfini layiqincə qoruyacaq”.
Görüşdə Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov, eləcə də milli komandaların məşqçiləri də iştirak ediblər.