CƏMİYYƏT
Azərbaycan mədəniyyətinin inkişafında Heydər Əliyevin müstəsna rolu var
Bakı, 12 dekabr, AZƏRTAC
Ulu öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinin qorunub saxlanmasında və inkişafında müstəsna rolu var.
Bu sözləri Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad etmək üçün dekabrın 12-də Fəxri Xiyabana gəlmiş yazıçı-publisist Qurban Hüseynoğlu AZƏRTAC-a müsahibəsində deyib.
Şair-publisist ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Dahi" adlı poema üzərində işlədiyini və əsərin bu yaxınlarda işıq üzü görəcəyini qeyd edib. Azərbaycan mədəniyyətinin və incəsənətinin bugünkü səviyyəyə yüksəlməsində Ümummilli Liderin misilsiz xidmətlərindən danışan Q.Hüseynoğlu bildirib ki, dahi rəhbər mədəniyyəti hər zaman xalqın böyük sərvəti hesab edirdi. Mədəniyyətimiz dahi liderin ideyalarından güc alır. Azərbaycan incəsənətinin inkişafına nail olmaq üçün Heydər Əliyev şairlərin, yazıçıların, bəstəkarların, kino və teatr xadimlərinin yubileylərinin dövlət səviyyəsində keçirilməsinə böyük əhəmiyyət verirdi. Heydər Əliyev misilsiz xidmətlərinə görə hər zaman Vətəni, xalqı üçün əziz qalacaq və daim qəlblərdə yaşayacaq. Allah Ulu Öndərimizə rəhmət eləsin!