SİYASƏT


Azərbaycan mədəniyyətlərarası və dinlərarası dialoqun bütün səviyyələrdə təşviqinə böyük önəm verir

A+ A

Bakı, 24 sentyabr, AZƏRTAC

Din və etiqadla bağlı qeyri-tolerantlıq, ayrı-seçkilik və zorakılığın artdığı müasir dünyada mədəniyyətlərarası və dinlərarası dialoq tolerantlıq, davamlı sülh, sabitlik və inkişafı təşviq edən ən önəmli vasitələrdən birinə çevrilib. Bu xüsusda, BMT-nin Sivilizasiyalar Alyansı ölkələr, mədəniyyətlər və sivilizasiyalar boyu tolerantlıq, sülh və daha yaxşı anlaşmanın təşviqi üçün qlobal dialoq və əməkdaşlığın gücləndirilməsində əhəmiyyətli rol oynayır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Sivilizasiyalar Alyansının Dostlar Qrupu nazirlərinin “İnklüziv dialoqun təşviqi ilə ksenofobiyaya qarşı mübarizə” mövzusunda görüşündə bildirib.

Nazir deyib ki, Azərbaycan mədəniyyətlərarası və dinlərarası dialoqun bütün səviyyələrdə təşviq edilməsinə böyük önəm verir. Multikulturalizm və tolerantlıq Azərbaycanda cəmiyyətimizi gücləndirən və birləşdirən uzunmüddətli ənənədir. Əsrlər boyu müxtəlif millətlər və dinlərə mənsub insanlar Azərbaycanda sülh içərisində və ləyaqətlə yaşayıblar. 2016-cı il Azərbaycan Respublikasının Prezidenti tərəfindən ölkədə “Multikulturalizm ili” elan edilib. Nəticədə, milli və beynəlxalq səviyyədə multikulturalizmin bəşəri ideallarını qoruyub saxlamaq və yaymaq tədbirlərini nəzərdə tutan xüsusi Fəaliyyət Planı hazırlanıb.

Bu il aprelin 25-27-də Azərbaycan BMT Sivilizasiyalar Alyansının “İnklüziv cəmiyyətlərdə birgəyaşayış” mövzusuna həsr olunmuş 7-ci Qlobal Forumuna ev sahibliyi edib. Bu mühüm tədbirə dövlət və hökumət başçıları, nazirlər, dövlət rəsmiləri, media və beynəlxalq təşkilatların nümayəndələri də daxil olmaqla, 147 ölkədən 4 mindən artıq iştirakçı qatılıb. Forumun mövzuları davamlı inkişaf üçün inklüziv cəmiyyətlərin əsas komponent kimi təşviq edilməsinin də daxil olduğu Davamlı İnkişaf üzrə 2030 Gündəliyini özündə əks etdirib.

Forumun əsas nəticəsi Bakı Bəyannaməsi oldu. Bu Bəyannamə ayrı-seçkilik, düşmənçilik və zorakılığa rəvac verən dini nifrətə istənilən dəstəyi kəskin şəkildə qınadı və üzv dövlətləri zorakı ekstremizmin bütün forma və təzahürlərinə qarşı birləşməyə çağırdı.

Bakı Bəyannaməsi dövlətlər və beynəlxalq təşkilatlar üçün beynəlxalq dialoq və multikulturalizmin zorakılıq, ekstremizm və ksenofobiyaya qaşı mübarizə vasitəsi kimi təşviqində əsas rəhbər prinsipə çevrilməlidir. İnklüziv cəmiyyətlərin yaradılması və inkişafında gənclərin xüsusi rolunu qəbul edərək, Forum çərçivəsində 150-dən artıq gəncin iştirak etdiyi BMT Sivilizasiyalar Alyansının Gənclər Tədbiri də keçirilib.

Nazir deyib: “Gələn ilin aprel ayında Azərbaycan Bakı Prosesi çərçivəsində 2011-ci ildən etibarən hər iki ildən bir keçirilən Beynəlxalq Mədəniyyətlərarası Dialoq üzrə 4-cü Dünya Forumuna ev sahibliyi edəcək. Biz bütün tərəfdaşlarımızı və maraqlı tərəfləri adıçəkilən tədbirdə fəal iştirak etməyə dəvət edirik. Mən, həmçinin yüksək səviyyəli əməkdaşlıq təcrübəsinə əsaslanaraq, bu yaxınlarda Azərbaycan Hökumətinin BMT-nin Sivilizasiyalar Alyansı ilə birgə “Mədəniyyətlərarası Dialoq üzrə Bakı – Sivilizasiyalar Alyansı mükafatı” adlı yeni layihə ilə bağlı razılığa gəlməsini də qeyd etməkdən şadam”.

Qeyd edilib ki, qaçqın və miqrantların kütləvi şəkildə yerdəyişməsi kontekstində mədəniyyətlərarası dialoq, dözümlülüyün təşviq edilməsi və zorakı ekstremizmin qarşısının alınması daha artan əhəmiyyət qazanıb. Etnik təmizləmə nəticəsində öz evindən didərgin düşmüş bir milyondan artıq məcburi köçkün və qaçqınlara malik olan Azərbaycan bu problemi daha yaxından başa düşür. Qaçqın və məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmasının təmin olunması beynəlxalq səylərin mərkəzində olmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.