CƏMİYYƏT


Azərbaycan mediası dini radikalizmlə mübarizədə daha fəal olmalıdır

A+ A

Bakı, 25 avqust, AZƏRTAC

Avqustun 25-də Mətbuat Şurasında “Azərbaycan mediası dini radikalizmə qarşı” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının nümayəndəsi, Milli Məclisin deputatları, bir sıra media qurumlarının nümayəndələri iştirak ediblər.

Mətbuat Şurasının sədri Əflatun Amaşov dini radikalizmə, ayrı-seçkiliyə qarşı mübarizədə medianın artan rolundan bəhs edib. Bildirib ki, Azərbaycan tolerant ölkədir və respublikamızda mövcud olan bu mühitin təbliğində, bəzi xarici qüvvələrin dindən sui-istifadə cəhdlərinin qarşısının alınmasında medianın rolu böyükdür. Milli mənəvi və dini dəyərlərimizin təbliğ və təşviq edilməsində, dinin ictimaiyyətə düzgün formada çatdırılmasında media təmsilçilərinin üzərinə böyük öhdəlik düşür. Jurnalistlər dinimizin təbliğini məhz bu istiqamətdə təşkil etməli, dini radikalizmlə mübarizədə daha fəal olmalı, terrorizmə və ekstremizmə qarşı daha sərt mövqe tutmalıdırlar.

Tədbirdə çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov dövlətimizin radikal dini cərəyanlara, terrorizmi dəstəkləyən qüvvələrə qarşı barışmaz mübarizə apardığını diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra dünyaya inteqrasiya yolunu tutub. Ölkəmizdə radikal dini cərəyanlara yer yoxdur. Bununla bağlı medianın üzərinə düşən vəzifələrdən danışan B.Həsənov deyib: “Media yalnız informasiya ötürücüsü olmamalı, analitik yazılarla çıxış etməli, hadisələrə münasibət bildirməlidir. Azərbaycan mediası tarixən əhalini maarifləndirmək yolunu tutub, dini xurafata qarşı kəskin mübarizə aparıb. Müəyyən məsələlərdə dövlət və medianın mövqeyi üst-üstə düşməyə bilər. Amma söhbət ümummilli məsələdən gedəndə ortaq mövqe nümayiş etdirilməsi vacibdir. İctimaiyyət Azərbaycan mediasından məhz bunu gözləyir”.

Mövzu ətrafında müzakirələr zamanı Azərbaycanda dövlət-din münasibətlərinin normal məcrada inkişaf etdiyi vurğulanıb. Qeyd edilib ki, Azərbaycan çoxkonfessiyalı ölkədir və burada bütün dini konfessiyalara bərabər şərait yaradılıb. Jurnalistlər bu yönümlü yazıları hazırlayarkən dindən sui-istifadə və dini siyasiləşdirmək cəhdlərini, bunun törədə biləcəyi fəsadları və digər bu kimi amilləri daim diqqətdə saxlamalı, bu mövzuya son dərəcə həssaslıqla yanaşmalıdırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.