İQTİSADİYYAT


Azərbaycan məhsulları Bolqarıstanda keçirilən Beynəlxalq Turizm Sərgisində təqdim edilib

Sofiya, 17 fevral, AZƏRTAC

Sofiyanın İnter Expo Mərkəzində baş tutmuş “Holiday&SPA EXPO” adlı 34-cü Beynəlxalq Turizm Sərgisi çərçivəsində Azərbaycanın turizm potensialının və “Made in Azerbaijan” məhsullarının təbliği məqsədi ilə ölkəmizin turizm potensialına dair təqdimat keçirilib. Təqdimat Azərbaycanın bu ölkədəki səfirliyi, Bolqarıstanın Tur Operatorları və Səyahət Agentliklərinin Assosiasiyasının (ABTTA) baş direktoru Bayko Baykov, ən böyük və aparıcı turizm şirkətlərindən biri olan “Bohemia” şirkətinin birgə təşkilatçılığı ilə baş tutub.

Təqdimatda sərgi iştirakçılarına Azərbaycanda mövcud turizm marşrutları, tarixi-mədəni abidələr, rekreasiya və turizm mərkəzləri, ölkəmizdə həyata keçirilmiş infrastruktur layihələri haqqında ətraflı məlumat verilib, bolqar şirkətləri tərəfindən hazırlanmış və Azərbaycana səfəri əhatə edən tur paketlər təklif olunub. Təqdimat çərçivəsində ölkəmiz haqqında sualları əks etdirən müsabiqə keçirilib və qaliblər səfirlik tərəfindən təqdim olunmuş suvenirlərlə mükafatlandırılıb.

Sonra Azərbaycanın “Abşeron-Şərab” ASC şirkətinin istehsalı olan “Abşeron” şərablarının dequstasiyası və Azərbaycan şirniyyatlarının təqdimatı keçirildi. Dequstasiya zamanı ölkəmizin üzümçülük və şərabçılıq ənənələri, eləcə də “Made in Azerbaijan” brendinə daxil olan şərablar barədə məlumat verilib, Azərbaycan şirniyyatlarından ətraflı söhbət açılıb.

Tədbir zamanı Azərbaycanın müxtəlif regionlarının turizm potensialını əks etdirən kitabçalar tədbir iştirakçılarına paylanılıb.

Qeyd edək ki, Bolqarıstanın Turizm Nazirliyinin himayəsi altında və Sofiya şəhər bələdiyyəsinin tərəfdaşlığı ilə keçirilən “Holiday&SPA EXPO” ölkədə hər il keçirilən ən böyük turizm sərgisidir və turizm sahəsində ixtisaslaşan mütəxəssisləri, biznes dairələri, eləcə də potensial turistləri bir arada cəmləşdirir. Cari ildə keçirilən sərgidə Bolqarıstan və 20 çox xarici ölkədən 380 yaxın şirkət iştirak edir. Ziyarətçilərin sayının 20 mindən çox olacağı gözlənilir.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.