İQTİSADİYYAT
Azərbaycan məhsulları “Gulfood-2017” sərgisində nümayiş olunacaq
Bakı, 25 fevral, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində fevralın 26–dan martın 2-dək keçiriləcək “Gulfood-2017” sərgisində Azərbaycan məhsulları “Made in Azerbaijan” vahid ölkə stendində ilk dəfə nümayiş olunacaq.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dünyanın ən iri qida sərgilərindən olan “Gulfood-2017” sərgisində nazirliyin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə ölkəmizin istehsalı olan meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz, süd və süd məhsulları, çay, fındıq, konservləşdirilmiş qida məhsulları təqdim ediləcək.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi tərəfindən “Gulfood-2017” sərgisində iştirak edəcək Azərbaycan şirkətlərinin seçilməsi üçün müsabiqə keçirilib və 24 şirkət sərgiyə qatılmaq hüququ qazanıb. Sərgidə “Made in Azerbaijan” vahid ölkə stendi Azərbaycan Prezidentinin “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydasının təsdiq olunması haqqında”
2016-cı il 5 oktyabr tarixli Fərmanına əsasən yaradılıb, stendin təşkili xərcləri dövlət tərəfindən ödənilir.