İQTİSADİYYAT


Azərbaycan məhsullarının Almaniya bazarına ixracı məsələləri müzakirə olunub

A+ A

Bakı, 24 noyabr, AZƏRTAC

Noyabrın 24-də Bakıda Ticarət və İnvestisiyalar üzrə Almaniya-Azərbaycan yüksək səviyyəli İşçi Qrupunun 6-cı iclası keçirilib. İclasa Azərbaycan tərəfindən İqtisadiyyat Nazirliyinin Aparatının rəhbəri Samir Vəliyev, Almaniya tərəfindən isə Federal İqtisadi Məsələlər və Enerji Nazirliyinin xarici iqtisadi siyasət üzrə baş direktoru Ekard Franz həmsədrlik edib.

AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan və Almaniya arasında iqtisadi-ticarət əlaqələrinin mövcud vəziyyəti, İşçi Qrupunun 5-ci iclasından ötən dövrdə görülmüş işlər, qarşıdakı dövr üçün iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi, o cümlədən investisiya, sənaye, ölkəmizdə yaradılan sənaye parklarında Almaniya şirkətlərinin iştirakı imkanları, turizm, enerji, neft-qaz, təhsil, biznesin idarə edilməsi sahəsində yerli menecerlərin Almaniyada ixtisasartırma kurslarında iştirakı layihəsinin icrası, ətraf mühitin mühafizəsi, Tvinninq layihələrinin icrası, Azərbaycan məhsullarının Almaniya bazarına ixracı və bir sıra digər məsələlər müzakirə olunub.

İqtisadiyyat Nazirliyinin Aparatının rəhbəri, İşçi Qrupun həmsədri Samir Vəliyev vurğulayıb ki, ölkələrimiz arasındakı siyasi əlaqələrin mövcud səviyyəsi iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanlar yaradır.

Qeyd olunub ki, hazırda Azərbaycanda 169 alman şirkəti fəaliyyət göstərir. Almaniya tərəfindən əsas kapitala 488,3 milyon ABŞ dolları, o cümlədən qeyri-neft sektoruna 405,4 milyon ABŞ dolları həcmində investisiya qoyulub. Almaniya şirkətləri ölkəmizdə həyata keçirilən layihələrdə podratçı kimi də fəal iştirak edirlər.

S.Vəliyev həmçinin diqqətə çatdırıb ki, ticarət əlaqələri də ölkələrimiz arasında əməkdaşlığın vacib istiqamətlərindəndir. Sumqayıt Kimya Sənaye Parkında yeni tikilən peşə məktəbində alman modelində peşə təhsilinin yaradılması üzrə işlər davam edir. Tvinninq layihəsi üzrə əməkdaşlıq çərçivəsində 11 layihə icra olunub və hazırda 3 layihənin icrası ilə bağlı işlər görülür. Menecer təlimi sahəsində əməkdaşlıq proqramı çərçivəsində 2009-2016-cı illərdə 300-ə yaxın sahibkar və gənc menecer Almaniyada ixtisasartırma kursu keçib.

Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlar barədə məlumat verən Samir Vəliyev bildirib ki, uğurla aparılan iqtisadi islahatlar davamlı iqtisadi artımın təmin edilməsi üçün əlverişli şərait yaradıb. Qeyd edilib ki, bu tədbirlər ölkəmizin xarici investisiyalar üçün cəlbediciliyini daha da artırır.

Almaniyanın Federal İqtisadi Məsələlər və Enerji Nazirliyinin xarici iqtisadi siyasət üzrə baş direktoru, İşçi Qrupun həmsədri Ekard Franz Azərbaycan-Almaniya Yüksək Səviyyəli İşçi Qrupunun 6-cı iclası çərçivəsində müzakirə edilən məsələlərin Almaniya və Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrinin inkişafında əhəmiyyətli olacağına əminliyini vurğulayıb, Almaniya iqtisadiyyatına və əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair fikirlərini bölüşüb.

İclas çərçivəsində həmçinin, Azərbaycanın biznes və investisiya imkanlarına, Sumqayıt Kimya Sənaye Parkının fəaliyyətinə, ölkəmizin tranzit imkanlarına dair təqdimatlar keçirilib, təhsil, energetika, ekologiya və mədəniyyət sahələrinə dair çıxışlar dinlənilib.

Sonra Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığın inkişafı istiqamətləri barədə müzakirələr aparılıb.

Ticarət və İnvestisiyalar üzrə Azərbaycan - Almaniya yüksək səviyyəli İşçi Qrupu Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Almaniya Federativ Respublikasının Federal İqtisadi Məsələlər və Enerji Nazirliyi arasında 2011-ci ildə imzalanmış Memoranduma əsasən yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.