İQTİSADİYYAT
Azərbaycan məhsullarının ixracı zamanı gömrükdə yaranan problemlərin həlli üçün mühüm addımlar atılıb
Bakı, 26 aprel, Elvin Camalov, AZƏRTAC
Azərbaycan məhsullarının ixracı zamanı gömrükdə yaranan problemlərin həlli üçün mühüm addımlar atılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə aprelin 17-də Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsi Dövlət Gömrük Komitəsinin sahibkarların işinin sadələşdirilməsində və ixracın asanlaşdırılmasında mühüm öhdəliklərinin olduğunu göstərir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsi Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi, general-mayor Mirqasım Vahabov deyib.
O bildirib ki, xarici ticarətin asanlaşdırılmasına şərait yaradılması məqsədilə gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük ərazisindən çıxması ilə bağlı əldə edilən məlumatların başqa ölkələrin (Rusiya, Qazaxıstan, Gürcüstan, İran, Özbəkistan) gömrük və digər səlahiyyətli dövlət orqanları ilə elektron informasiya mübadiləsinin həyata keçirilməsi malların ixrac olunduğu ölkələrin sərhədindən sürətli buraxılışının təmin edilməsində əhəmiyyətli rol oynayıb. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Rusiya Federal Gömrük Xidməti arasında müəyyən növ mallara münasibətdə gömrük nəzarətinin nəticələrinin qarşılıqlı tanınması haqqında Protokol imzalanıb.
M.Vahabovun sözlərinə görə, bəzi kateqoriyalı kənd təsərrüfatı mallarının Rusiya Federasiyasına ixracı zamanı Rusiyanın gömrük-sərhəd buraxılış məntəqəsində yerləşən gömrük orqanları, göndərən ölkənin (Azərbaycan) gömrük orqanının bu mallara münasibətdə həyata keçirdiyi gömrük nəzarətinin nəticələrini tanıyır və onları risklərin idarə edilməsi sistemi çərçivəsində gömrük yoxlanılması (baxışı) formasında gömrük nəzarətinin həyata keçirilməsi barədə qərarın qəbul edilməsi zamanı istifadə edir. Bu razılaşma gömrük nəzarətinin effektivliyini artırır, Azərbaycan və Rusiya arasında ticarətin inkişafına, ixracın asanlaşdırılmasına, eləcə də bəzi kateqoriyalı kənd təsərrüfatı mallarının asanlaşdırılmış buraxılışının təmin edilməsinə xidmət edir.
M.Vahabov qeyd edib ki, eyni zamanda, ortaya çıxan problemlərin qısa müddətdə aradan qaldırılması məqsədilə gömrük-sərhəd buraxılış məntəqələrində yerləşən gömrük orqanları ilə digər dövlətlərin gömrük orqanları arasında işçi qruplar yaradılıb. Yerlərdə bu işçi qrupların davamlı görüşləri keçirilir və hər hansı problemin operativ həlli üçün rəhbərlik səviyyəsində də danışıqlar aparılır.