CƏMİYYƏT
Azərbaycan məktəblərində Türkiyənin uşaq bayramı qeyd edilib
Bakı, 24 aprel, AZƏRTAC
Aprelin 23-ü Türkiyədə Milli Suverenlik və Uşaq Bayramı kimi qeyd edilir. Bu münasibətlə Bakı Yunus Əmrə İnstitutu tərəfindən türk dilinin tədris edildiyi Azərbaycan məktəblərində silsilə bayram şənlikləri keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirlərdə Bakı Yunus Əmrə İnstitutunun təhsil şöbəsinin müdiri Ali İhsan Çevik, Bakı TÖMER (Türkcə və xarici dil araşdırma və tətbiqi mərkəzi) müdiri İdris Göbütoğlu, türk dili müəllimi Aydan Umudova və məktəb direktorları çıxış edərək bu bayramın tarixi əhəmiyyətindən, dövlətimiz tərəfindən uşaqlara göstərilən diqqət və qayğıdan, iki qardaş ölkənin təhsil, mədəniyyət sahəsində uğurlarından söz açıblar.
Bayram şənlikləri Azərbaycan və Türkiyənin dövlət himnlərinin oxunması ilə başlanıb, məktəblilərin ifasında şeir və mahnılarla davam edib. Şagirdlərin ifa etdikləri “Sev qardaşım”, “Əl-ələ verək”, “Dünyaya gəldik bir kərə”, “Həyat bayram olsa” mahnıları böyük coşqu ilə qarşılanıb. İbtidai sinif şagirdlərinin nümayiş etdirdiyi “Kiçik əsgər” səhnəciyi uşaqlarda vətənpərvərlik və milli duyğular oyadıb. “Azərbaycan inciləri” rəqsi, əyləncəli sehrbaz nömrələri uşaqlara sevinc dolu anlar yaşadıb.
Şənliklərdə Bakı Yunus Əmrə İnstitutu tərəfindən uşaqlara hədiyyələr verilib.