ELM VƏ TƏHSİL
Azərbaycan məktəbliləri 58-ci Beynəlxalq Riyaziyyat Olimpiadasında medallar qazanıblar
Bakı, 22 iyul, AZƏRTAC
İyulun 12-dən 22-dək Braziliyada 58-ci Beynəlxalq Riyaziyyat Olimpiadası keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, 112 ölkədən 6 yüzdən çox şagirdin iştirak etdiyi olimpiadada azərbaycanlı məktəblilər respublikamızı uğurla təmsil ediblər. Belə ki, beynəlxalq bilik yarışında Akademik Zərifə Əliyeva adına Liseyin eksperimental pilot siniflərinin IX sinif şagirdləri Ramil Cəbiyev, Anar Rzayev, X sinif şagirdi Anar Abbaslı, Gəncə şəhər 26 nömrəli tam orta məktəbin eksperimental pilot siniflərinin XI sinif şagirdi Mirəli Əhmədli bürünc medal qazanıblar.
Fizika, riyaziyyat və informatika təmayüllü liseyin VIII sinif şagirdi Murad Ağazadə və Akademik Zərifə Əliyeva adına Liseyin eksperimental pilot siniflərinin X sinif şagirdi Emil Qasımov olimpiadanın həvəsləndirici sertifikatına layiq görülüblər.
Qeyd edək ki, Təhsil Nazirliyinin beynəlxalq olimpiadalara hazırlıq prosesini diqqət mərkəzində saxlaması şagirdlərin müvəffəqiyyətli çıxışlarına səbəb olub. Nazirlik tərəfindən Fizika, riyaziyyat və informatika təmayüllü, Kimya-biologiya təmayüllü liseylərdə yaradılmış Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərində 200-ə yaxın şagird il ərzində olimpiadalara hazırlıq prosesinə cəlb edilib.