REGİONLAR
Azərbaycan memarları Naxçıvanın tarixi abidələrini ziyarət ediblər
Naxçıvan, 19 dekabr, Tural Kəngərli, AZƏRTAC
Dekabrın 19-da Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin Naxçıvanda keçirilmiş II plenumunun iştirakçıları muxtar respublikada yerləşən tarixi abidələri ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, memarlar əvvəlcə muxtar respublikanın Kəngərli rayonundakı orta əsrlərə aid tarixi-memarlıq abidəsi olan Qarabağlar türbəsinə baxıblar. Memarlıq kompleksinə daxil olan qoşa minarənin XII əsrin sonu - XIII əsrin əvvəllərində tikildiyi ehtimal olunur. Minarələri bir-birinə bağlayan baştağ isə XIV əsrə aiddir. Onun üzərindəki kitabədə ərəb dilində bu sözlər yazılıb: “Allahın bu nişanəsi türkman Quti xatındır”. Söhbət Elxani hökmdarı Hülaku xanın arvadı Quti xatından gedir.
“Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksində olan qonaqlara məlumat verilib ki, ziyarətgah İlandağ ilə Nəhəcir dağı arasındakı təbii mağarada yerləşir. Qurani-Kərimdə “Əl-Kəhf” surəsinin 9-27 ayələrində Allahdan başqasına inananlardan ayrılıb mağaraya sığınan 7 gəncin 300 ildən artıq yatdıqlarından, oyandıqdan sonra başlarına gələn əhvalatlardan bəhs edilir. Qurani-Kərimdə təsvir olunan bu hadisə müəyyən dəyişikliklərlə Naxçıvandakı Əshabi-Kəhflə bağlı rəvayətlərdə də öz əksini tapıb. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Əshabi-Kəhfdə abadlıq-bərpa işləri aparılıb. Ziyarətgahın girişindəki kitabədə bu haqda məlumat verilir: “Əshabi-Kəhf ziyarətgahında bərpa və abadlıq işləri 1998-ci ildə Azərbaycan Prezidenti möhtərəm Heydər Əliyevin tapşırığı və himayəsi ilə görülmüşdür”. Son illər isə Əshabi-Kəhf ziyarətgahının ərazisində bir sıra yenidənqurma, bərpa və abadlıq işləri aparılıb. Burada zəvvarlar üçün yaxşı şərait yaradılıb, 13 kilometr məsafədə rahat yol salınıb, məscid tikilib. Hazırda buraya Azərbaycanın başqa bölgələrindən və xarici ölkələrdən zəvvarlar, turistlər və qonaqlar gəlir.
Sonra plenum iştirakçıları “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində olublar. Məlumat verilib ki, Naxçıvanqalanın bərpasına 2010-cu ildə başlanılıb, tarixi ərazidə yenidənqurma işləri aparılıb, qalanın əvvəlki görkəmi özünə qaytarılıb. Naxçıvanın qədim tarixi-mədəni irsinin mühafizəsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 5 iyun tarixli Sərəncamına əsasən “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi yaradılıb.
Qonaqlar Duzdağ Fizioterapiya Mərkəzinə də baş çəkiblər. Mərkəz 1979-cu ildən etibarən 50 çarpayılıq xəstəxana kimi Naxçıvan duz mədəni bazasında, dəniz səviyyəsindən 1173 metr hündürlükdə fəaliyyət göstərir. 2003-cü ildə xəstəxananın yeraltı şöbəsində ən müasir tələblərə uyğun yenidənqurma işləri aparılıb, yeraltı şöbəsi müasir tələblərə uyğun səviyyədə yenidən qurularaq genişləndirilib, müasir avadanlıq və ləvazimatlarla təmin olunub.
Naxçıvanın tarixi abidələri və Duzdağ Fizioterapiya Mərkəzi ilə tanışlıq plenum iştirakçılarında zəngin təəssürat yaradıb.