İDMAN


Azərbaycan millisi “Bakı-2017”də ilk qızıl medalını atıcılıq yarışında qazanıb

Bakı, 13 may, Məhərrəm Əlioğlu, AZƏRTAC

Mayın 13-də Bakı Atıcılıq Mərkəzində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının atıcılıq yarışları start götürüb.

AZƏRTAC xəbər verir ki, mayın 17-dək davam edəcək yarışların birinci günündə kişilər və qadınlar arasında 10 metrdən pnevmatik tüfənglə atəş, o cümlədən kişilərin və qadınların səngər stendi, 25 metrdən tapança ilə atəşaçma yarışları keçirilib.

Yarışın ilk günü Azərbaycan idmançıları üçün uğurlu olub. Yığma komandamız “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında ilk qızıl medalını qazanıb. Qızıl medalı millimizin aktivinə Ruslan Lunyov yazdırıb. O, kişilər arasında 25 metr məsafədən tapança ilə atəş açma yarışında hamıdan dəqiq olub - (581-25 xal).

Türkiyəli Dikec Yusuf ikinci, pakistanlı Axtar Muhammad Xalil isə üçüncü yeri tutublar.

IV İslam Həmrəyliyi Oyunlarının ilk qızıl medalını kişilər arasında atıcılıq yarışında 10 metr məsafədən pnevmatik tüfənglə atəş açma üzrə qalib gələn Türkiyə idmançısı Akgün Ömər qazanıb.

Türkiyə təmsilçisi yarışda 249,8 xalla qızıl medala sahib olub. Banqladeşli Munna Rabbi Hasan 245,5 xalla ikinci, özbəkistanlı Səidxan Sayfuddınov isə 224.1 xalla üçüncü yeri tutublar.

Qadınlar arasında 10 metr məsafədən pnevmatik tüfənglə atəş açma yarışının qızıl medalını İran idmançısı qazanıb. İran təmsilçisi İmaməli Necat Əndivari 249.6 xalla IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub. Gümüş medala 246.1 xalla iranlı Əhmədi Elahi, bürünc medala isə 223.9 xalla özbəkistanlı Səkinə Məmmədova yiyələniblər.

IV İslam Həmrəyliyi Oyunlarında qadınlar arasında səngər stendi yarışının qalibi isə Türkiyə idmançısı Gürer Nihan olub. O, 41 xal toplayaraq çempion adını qazanıb.

Azərbaycanlı atıcılarından Şəfəq Əmrahova 37 xalla yarışı gümüş medalla başa vurub. Bürünc medalın sahibi isə 29 xal toplayan Qətər idmançısı Əl Xələf Xolud Hassan olub.

Bu yarışda mübarizə aparan Azərbaycanın digər idmançısı Aydan Camalova isə 13 xalla altıncı yerə çıxıb.

Sonra qaliblərin mükafatlandırma mərasimi olub. Qaliblərə medalları Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Abıyev və İslam Həmrəyliyi Oyunlarının idarə heyətinin üzvü Kazi Racib Uddin Çopol təqdim ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.