İDMAN
Azərbaycan millisi Braziliya ciu-citsusu üzrə beynəlxalq turnirin qalibi olub
Bakı, 24 iyul, AZƏRTAC
Azərbaycan Milli Ciu-citsu Federasiyasının Braziliya departamentinin təşkilatçılığı ilə Şağan İdman Olimpiya Kompleksində Braziliya ciu-citsusu üzrə beynəlxalq turnir keçirilib.
Azərbaycan Milli Ciu-citsu Federasiyasından AZƏRTAC-a bildirilib ki, turnirdə Azərbaycan, Rusiya, Birləşmiş Ərəb Əmirliyi, Qətər, Ukrayna və Qazaxıstandan olan 200-dən çox idmançı (qızlar-oğlanlar) müxtəlif yaş kateqoriyasında gücünü sınayıb.
Yarışın açılış mərasimində Azərbaycan milli Ciu-citsu Federasiyasının vitse-prezidenti Azər Bəydullayev və “JSJ” Beynəlxalq Braziliya Ciu-citsu təşkilatının prezidenti Omar Abduraşidov iştirakçılara uğurlar arzulayıb və turnirin təşkilatında əziyyəti olan hər kəsə dərin minnətdarlığını bildiriblər.
Turnir Braziliya ciu-citsusunun “Gİ” və “No-Gİ” versiyaları üzrə keçirilib. Yarışda qazanılmış medalların sayına görə, Azərbaycan yığması birinci olub. Birləşmiş Ərəb Əmirliyi ikinci, Rusiya isə üçüncü yerdə qərarlaşıb.
Yığma komandamızın heyətindən kişilər arasında görüşlərdə Elmar Həmidov, uşaqlarda isə Emil Verdiyev xüsusi texniki fəndlərin nümayişi ilə fərqləndiklərinə görə, turnirin Hakimlər Kollegiyası tərəfindən “Ən yaxşı idmançı” adına layiq görülüblər.