İDMAN
Azərbaycan millisinin kapitanı İtaliya və Xorvatiya yığmaları ilə səfər görüşlərində iştirak edə bilməyəcək
Bakı, 30 sentyabr (AZƏRTAC). Futbol üzrə Azərbaycan millisinin kapitanı Rəşad Sadıqov “Avro-2016”nın seçmə mərhələsində İtaliya və Xorvatiya yığmaları ilə səfər görüşlərində komandamıza kömək edə bilməyəcək.
AZƏRTAC xəbər verir ki, təcrübəli futbolçu zədə səbəbindən qarşıdakı oyunları buraxmalı olacaq.
R.Sadıqov bu səbəbdən yığmanın açıqlanan heyətində də yer almayıb. Lakin futbolçu “Qarabağ” ilə birgə İtaliyaya yola düşüb. Onun Avropa Liqasının qrup mərhələsində “İnter” ilə oyunda meydana çıxacağı real görünmür.
Qeyd edək ki, oktyabrın 2-də Milanda keçiriləcək “İnter” – “Qarabağ” oyunu Bakı vaxtı ilə gecə saat 00:05-də başlayacaq. Əlavə edək ki, “Avro-2016”nın seçmə mərhələsində oktyabrın 10-da Palermoda İtaliyanın qonağı olacaq millimiz üç gün sonra səfərdə Xorvatiya kollektivi ilə qarşılaşacaq.