MƏDƏNİYYƏT
Azərbaycan muğamı gənc xanəndənin ifasında Şanxayda
Azərbaycanın tanınmış gənc xanəndəsi Qoçaq Əsgərov Şanxayda “Shanghai World Music Festival-2014” festivalı çərçivəsində üçgünlük konsert proqramı ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, bu dəvət ona dünya ulduzlarının konsertini təşkil edən məşhur menecer Lijiang Tang tərəfindən edilib.
Fərqli məkanlarda keçirilən konsertlər maraqla və alqışlarla qarşılanıb. Şanxayda ilk dəfə səslənən Azərbaycan muğamını festivalın direktoru başda olmaqla, dünyanın ən sayılıb-seçilən nüfuzlu şəxsləri dinləyib.
Xanəndənin çıxışından əvvəl musiqişünas, UNESCO-nun eksperti Sənubər Bağırova Azərbaycan musiqisi, muğamları barədə iştirakçılara geniş məlumat verib.
Daha sonra Qoçaq Əsgərovun ifasında “Mahur”, “Şur” muğamları, “Bayatı-Şiraz”, “Şüştər” təsnifləri və xalq mahnıları səsləndirilib. Xanəndəni tarda Şəhriyar İmanov, kamançada Elnur Mikayılov, nağarada Kamran Kərimov müşayiət edib.
Konsertlər çərçivəsində Q.Əsgərovun diskləri də satışa çıxarılıb.
Qoçaq Əsgərovun Şanxaydakı konsertləri yerli telekanallar vasitəsilə yayımlanıb. Eyni zamanda xanəndə yeni konsertlər üçün təkliflər alıb.
Qeyd edək ki, Şanxayın küçələrinə vurulmuş konsertin afişalarında Qoçaq Əsgərov ictimaiyyətə “Azərbaycan muğamının şahzadəsi” kimi təqdim edilib.