ELM VƏ TƏHSİL
“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasından ilk kitab
Bakı, 4 oktyabr, AZƏRTAC
Azərbaycan ədəbiyyatının daha mükəmməl və yeni elmi meyarlar əsasında tədqiqinin reallaşdırılması sahəsində son üç ildə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun mühüm fəaliyyətinin çox sayda nəticələrindən biri olan “Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” adlı kitablar seriyasının nəşrinə başlanılıb.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, AMEA-nın vitse-prezidenti, bu elm müəssisəsinin direktoru, Milli Məclisin deputatı, akademik İsa Həbibbəylinin baş redaktorluğu ilə tərtib edilərək nəşrə hazırlanan kitablar seriyasının “Məhəmməd Əmin Rəsulzadə. Mühacirət dövrü ədəbi-elmi irsindən seçmələr” adlı birinci cildi artıq işıq üzü görüb. “Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında” Prezident İlham Əliyevin 2013-cü il 22 noyabr tarixli Sərəncamına müvafiq olaraq nəşr edilən kitabda Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri M.Ə.Rəsulzadənin mühacirət dövrü yaradıcılığı yer alıb.
M.Ə.Rəsulzadənin həyatının ikinci mühacirət dövründə (1922-1955-ci illər) qələmə aldığı bədii əsərləri, elmi-publisistik məqalələri, resenziyaları, “Azərbaycan Cümhuriyyəti”, “Qafqaziya türkləri” monoqrafiyalarının uyğun fəsilləri və digər monoqrafiyalarının toplandığı kitab təkcə bu mütəfəkkir ədibin yaradıcılığının öyrənilməsində deyil, eyni zamanda, Azərbaycan ədəbiyyatının xaricdə araşdırılması məsələlərinin, bir çox ədəbi-tarixi faktların, ictimai-siyasi gerçəklərin tədqiqi üçün də dəyərli mənbədir.
Kitaba yazdığı “Mühacirət elmi-ədəbi irsinə nümunə” sərlövhəli “Ön söz”də İ.Həbibbəyli ötən əsrin əvvəllərində Məhəmməd Əmin Rəsulzadənin yazdığı elmi-publisist əsərləri “milli düşüncə ilə elmi-siyasi qavrayışın sintezi əsasında yazılmış mükəmməl ədəbiyyatşünaslıq nümunələri” kimi yüksək dəyərləndirib. O, həmçinin 1990-cı il noyabrın 17-də ümummilli lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında üçrəngli Azərbaycan bayrağının rəsmi olaraq dövlət rəmzi kimi qəbul edilməsinə müvəffəq olmasını, eləcə də Prezident İlham Əliyevin təşəbbüsü ilə qurulan möhtəşəm Bayraq meydanını Məhəmməd Əmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz” həqiqətinin yeni tarixi epoxadakı isbatı kimi qeyd edib.
İnstitutun Azərbaycan mühacirət ədəbiyyatı şöbəsində filologiya üzrə fəlsəfə doktoru, dosent Nikpur Cabbarlının məsul redaktorluğu ilə hazırlanan kitabda xarici ölkə mənbələrindən, dövri mətbuat materiallarından da istifadə olunub.
Kitabın tərtibçiləri və nəşrə hazırlayanlar N.Cabbarlı və filologiya elmləri doktoru, professor Şamil Vəliyevdir.
Hazırda “Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası”ndan Ceyhun bəy Hacıbəylinin külliyyatı çapa hazırlanır.