SİYASƏT


Azərbaycan multikulturalizmi ABŞ mətbuatında

A+ A

Bakı, 3 noyabr, AZƏRTAC

ABŞ-ın “Eurasia Review” jurnalında və “Foreign Policy News” xəbər saytında amerikalı siyasi analitik və araşdırmaçı jurnalist, “Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyi İdarə Heyətinin fəxri üzvü Peter Teysin Azərbaycanın multikulturalizm modeli haqqında məqaləsi dərc olunub.

Müəllif məqaləyə Azərbaycanda beynəlxalq multikulturalizm yay məktəbində iştirak etməsi haqqında fikirləri ilə başlayır. O yazır: “2016-cı ilin iyul ayında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən təşkil olunan yay məktəbində mühazirə ilə çıxış etmək üçün Azərbaycandan dəvət aldım. Mühazirəmin mövzusunu ABŞ və Paraqvayın mədəni müxtəlifliyi mövzusuna həsr etmişdim. Mövzu Avropa və Asiyanın 15 ölkəsindən gələn gənc tələbələrin böyük marağına səbəb oldu.

Daha sonra bu gənc tələbələrin təşəbbüsü ilə beynəlxalq multikulturalizm yay məktəbi çərçivəsində “Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyi yaradıldı. Bu təşkilat hazırda Dimitrios Asproulis (Yunanıstan) və Salomeja Lukaitenin (Litva) həmsədrliyi və 100-dən çox üzvü ilə (Türkiyə, Almaniya, Çexiya, Polşa, İndoneziya, Gürcüstan, Qırğızıstan, İtaliya, İsveçrə, Azərbaycan, ABŞ, Misir, Yəmən) aktiv fəaliyyət göstərir. Bu iki gənc lider Azərbaycan cəmiyyətində multikulturalizmin rolunun, eyni zamanda, başqa mədəniyyətlər tərəfindən öyrənilməsinin və örnək kimi seçilməsinin təbliği istiqamətində beynəlxalq konfranslar keçirməyi planlaşdırır. İctimai Birliyin həmsədrləri öz ölkələrində sülhün və dayanıqlığın təşviq olunmasına dair müxtəlif tədbirlər təşkil edirlər. Təbii ki, bütün bunlar akademik Kamal Abdullayev və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə səyi nəticəsində ərsəyə gəlib. Prezident İlham Əliyevin Azərbaycanın multikulturalizm siyasətinin dünyaya nümunə olaraq təklif olunması ideyası hazırda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev tərəfindən uğurla həyata keçirilir”.

Oxucuların diqqətinə çatdırılır ki, akademik Kamal Abdullayev tanınmış Azərbaycan yazıçısı və alimidir. Onun linqvistika, mədəniyyətşünaslıq və mifologiya üzrə yazıları, eləcə də esse, roman və hekayələri bir çox dünya dillərinə tərcümə olunub və geniş oxucu kütləsi toplayıb. Bundan əlavə, Kamal Abdullayev 14 il ərzində Bakı Slavyan Universitetinin rektoru olaraq çalışıb. Onun rəhbərliyi dövründə Azərbaycanın bu ali təhsil müəssisəsi böyük yüksəliş dövrünü yaşayıb. Bakı Slavyan Universiteti Azərbaycan və dünya üçün fəxr edilə biləcək uğurlara imza atıb. Müəllif 2000-ci ildə BSU-da “Fəxri doktor” adının yaradıldığını, bir çox dünya liderlərinin, tanınmış ictimai-siyasi xadimlərin BSU-nun fəxri doktorları olduğunu qeyd edir.

Məqalədə bildirilir ki, dünyada artan qlobal qeyri-sabitlik fonunda Azərbaycanda müxtəlif dinlərin və millətlərin birgə yaşaması əsasında qurulmuş multikulturalizm və tolerantlıq hər kəs üçün örnəkdir. Azərbaycan multikulturalizm ideyasını gələcəkdə bəşəriyyətin inkişafı üçün yeganə yol hesab edir. Çünki hazırkı qloballaşma, məlumat mübadiləsi və ümumi inteqrasiya proseslərinin özünü təcridetmədə fəal rol oynaması dəhşətli bir haldır.

Müasir dünyada ən önəmli məsələlərdən biri olan mədəniyyətlərarası dialoqu nəzərə alaraq, Azərbaycan 2011-ci ildən başlayaraq Bakıda iki ildən bir Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil edir. Azərbaycanda bu il aprelin 25-27-də BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçirilib. BMT-nin tribunasından istifadə edərək Azərbaycan bir daha öz multikulturalizm ənənələrini göstərib, dünya ölkələrini mədəniyyətlərarası tolerantlıq və sivilizasiyalararası dialoqa hörmət etməyə çağırıb. Bütün bunların davamı olaraq, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yay və qış məktəbləri və “Azərbaycanın Gənc Dostları Klubu” vasitəsilə mədəniyyətlərarası dialoqun, sülh və sabitliyin təmin olunmasına, eləcə də Azərbaycanın multikultural dəyərlərinin təşviqinə, gələcək dünya liderlərinin maarifləndirilməsi və millətlərarası əməkdaşlığın möhkəmləndirilməsinə davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.