CƏMİYYƏT


“Azərbaycan multikulturalizmi” fənni Almaniyanın nüfuzlu ali təhsil ocağında tədris olunur

Bakı, 6 iyul, AZƏRTAC

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) “Azərbaycan multikulturalizmi” fənninin xarici və ölkə universitetlərində tədrisi layihəsi uğurla davam edir.

BBMM-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, hazırda layihə çərçivəsində respublikamızın 38, dünyanın 15 aparıcı universitetində “Azərbaycan multikulturalizmi” fənni tədris edilir.

Bildirilib ki, yaxınlarda bu sıraya daha bir universitet də əlavə olunub. Belə ki, hazırda Almaniyanın nüfuzlu Vürtsburq Universitetində mütəxəssis Samirə Adışova tərəfindən “Azərbaycan multikulturalizmi” fənninin tədrisi həyata keçirilir. Universitetin magistrlərindən ibarət qrupda seçmə fənn kimi tədris edilən Azərbaycan multikulturalizminin tədrisi prosesində almaniyalı tələbələrə ölkəmizdəki multikultural və tolerant mühit, milli-mənəvi dəyərlərimiz, müxtəlif etnik kökə, fərqli dini etiqada malik insanların əsrlərdir dinc yanaşı yaşaması haqqında ətraflı məlumat verilir. Kurs iyulun sonunda yekunlaşacaq.

Qeyd edək ki, keçən semestr Almaniyanın Auqsburq Universitetində də “Azərbaycan multikulturalizmi” fənninin tədrisi həyata keçirilib.

Xatırladaq ki, BBMM-in Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayevin ideya və təşəbbüsü ilə “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənləri üzrə tədris proqramları Təhsil Nazirliyində təsdiq olunduqdan sonra sözügedən layihəyə start verilib. Mərkəzin imkanları hesabına xarici ölkə universitetləri ilə bu fənlərin tədrisi haqda danışıqlar aparılıb və ilkin mərhələdə 7 xarici universitet təklifi müsbət qarşılayıb. Hazırda isə bu say 15-ə çatıb.

Sevindirici məqam bundan ibarətdir ki, artıq fənnin tədrisində müəyyən müsbət təcrübə əldə olunub, bu günlərdə işıq üzü görən “Azərbaycan multikulturalizmi” dərsliyinin istifadəsi də tədrisin keyfiyyətinin daha da yüksələcəyinə inam yaradır. İndi dünyanın nüfuzlu ölkələri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə müraciət edərək “Azərbaycan multikulturalizmi” fənninin özlərinin aparıcı ali təhsil müəssisələrində tədrisi məqsədilə təkliflərini irəli sürürlər, bununla yaxından maraqlanırlar.

Prezident İlham Əliyevin “Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq” təşəbbüsünün öz real həllini tapması məqsədilə BBMM-in apardığı ardıcıl və məqsədyönlü işin nəticəsində yaxın gələcəkdə xaricdə “Azərbaycan multikulturalizmi” fənlərinin tədrisi daha geniş coğrafiyanı əhatə edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.