ELM VƏ TƏHSİL


Azərbaycan musiqi mədəniyyətinin inkişafında Molla Pənah Vaqif yaradıcılığının rolu böyükdür

Bakı, 12 may, AZƏRTAC

Bakı Xoreoqrafiya Akademiyasında (BXA) görkəmli mədəniyyət xadimlərinə, şair və yazıçılara həsr olunmuş tədbirlərin təşkili artıq ənənəyə çevrilib. Belə ki, BXA-nın Azərbaycan dili və ədəbiyyatı kafedrası ölkəmizin və türk dünyasının görkəmli şairi Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunan konfrans keçirib.

BXA-dan AZƏRTAC-a bildiriblər ki, konfransda həmin kafedranın müdiri, dosent Vəfa Əliyev M.P.Vaqifin ədəbi mühiti və yaradıcılığı haqqında məlumat verib. Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 12 yanvar tarixli Sərəncamını xatırladan V.Əliyeva diqqətə çatdırıb ki, Azərbaycan musiqi mədəniyyətinin inkişafında M.P.Vaqif yaradıcılığının rolu böyükdür. Cari il TÜRKSOY təşkilatına üzv dövlətlərdə “Molla Pənah Vaqif ili” elan olunub. Bununla əlaqədar Türkiyənin Ankara, Sakarya şəhərlərində geniş tədbirlər keçirilib. Azərbaycan bəstəkarlarından Cahangir Cahangirov, Qəmbər Hüseynli, Əşrəf Abbasov, Səid Rüstəmov, Şəfiqə Axundova və başqaları şairin əsərlərinə musiqi bəstələyiblər. Azərbaycanın təşəbbüsü, Türkiyə və Qazaxıstanın dəstəyi ilə M.P.Vaqifin UNESCO-nun “2016-2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na daxil edilməsi böyük sənətkarın yaradıcılığına verilən yüksək qiymətdir.

Konfransda filologiya üzrə fəlsəfə doktoru, dosent Aypara Məmmədovanın “M.P.Vaqif yaradıcılığında adət-ənənə və xalq deyimləri”, Nərminə Məmmədovanın “M.P.Vaqifin şeirləri rus dilinə tərcümədə”, Səbiyyə Balakişiyevanın “M.P.Vaqif poeziyasında gözəllik ideallarının təcəssümü” mövzularında məruzələri dinlənilib.

Sonda akademiyanın tələbələri şairin şeirlərini ifa ediblər. M.P.Vaqifin şeirlərinə bəstələnmiş mahnılar səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.