MƏDƏNİYYƏT


Azərbaycan musiqiçiləri Ankarada Novruz bayramı tədbirində çıxış ediblər

Ankara, 21 mart, АZƏRTAC

Beynəlxalq Türk Mədəniyyət Təşkilatı (TÜRKSOY), Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, eləcə də Ankaranın Keçiörən Bələdiyyəsinin birgə təşkilatçılığı ilə Novruz bayramı, eyni zamanda Türkiyə ilə Azərbaycan və Mərkəzi Asiya türkdilli dövlətləri arasında diplomatik münasibətlərin yaradılmasının 25-ci ildönümünə həsr olunan bayram mərasimi keçirilib.

Tədbirin rəsmi açılışında çıxış edən Türkiyənin xarici işlər nazirinin müavini Əhməd Yıldız və Keçiörən Bələdiyyəsinin sədri Mustafa Ak və Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı bu iki mühüm hadisənin birgə qeyd edilməsinin bayram sevincini ikiqat artırdığını bildiriblər. Məlumat verilib ki, TÜRKSOY türkdilli ölkələrdə, o cümlədən Rumıniya və Moldovada da Novruz mərasimləri təşkil edəcək.

Daha sonra Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Türk Dünyası Musiqi Topluluğu ansamblının müxtəlif ölkələrdən gələn sənətçilərlə birgə çıxışları olub.

Orta Asiya türkdilli dövlətləri, eləcə də Rusiya Federasiyasındakı türkdilli xalqların nümayəndələrinin təqdim etdikləri musiqi nömrələri salonda əsl bayram əhval-ruhiyyəsi yaradıb. Azərbaycandan gələn incəsənət ustalarının çıxışı isə tamaşaçılar tərəfindən xüsusi rəğbət və alqışlarla qarşılanıb. Bir-birini əvəzləyən maraqlı ifa və rəqslər qədim türk mədəniyyətinin bütün zənginliyini nümayiş etdirib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.