MƏDƏNİYYƏT
Azərbaycan musiqisi Danimarkada
AzərTAc-ın Kopenhagendən xüsusi reportajı VİDEO
Kopenhagen, 7 aprel (AZƏRTAC). Zəngin və rəngarəng Azərbaycan musiqisi dünyanın hər yerində ilk dəfə onu eşidənlərdə dərin maraq oyadır. Danimarkada da Azərbaycan musiqisi bu ölkənin müğənnilərini özünə aşiq etmişdir.
AZƏRTAC-ın Danimarkaya ezam olunmuş əməkdaşları musiqimizin vurğunu olan danimarkalı müğənni və musiqiçilərlə görüşmüşlər. Danimarka-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, musiqiçi Kəmalə Hüseynova uzun müddətdir Kopenhagendə Azərbaycan musiqi sənətinin təbliği ilə məşğuldur. O, həm azərbaycanlı, həm də danimarkalı gənclərə musiqi dərsləri keçir, onlara Azərbaycan mahnılarını öyrədir.
Həmsöhbətimiz danimarkalı müğənni Qudrin Holkdur. Güclü səsi olan bu müğənni Azərbaycan musiqisini çox sevdiyini deyir. İlk dəfə Azərbaycan kəlməsinin isə o, Elbrus dağının zirvəsində eşitmişdir: “Bir dəfə Elbrus dağının zirvəsinə çıxmışdım və mənə bələdçilik edən şəxs dağın zirvəsində uzaqdan görünən ölkələrdən birinin Azərbaycan olduğunu dedi. Elə həmin gün mən Azərbaycan haqqında eşitdim və Azərbaycan kəlməsi mənim üçün Elbrus dağının zirvəsindən başladı”.
Daha sonralar isə Qudrin Holk Azərbaycan ilə, musiqimizlə Kəmalə Hüseynova vasitəsilə tanış olmuşdur. Gözəl pianoçu Kəmalə Hüseynova ona bir neçə Azərbaycan mahnısını öyrətmiş və tədricən Qudrin Holk musiqimizin bütün janrları ilə tanış olmuşdur.
Azərbaycan musiqilərində Danimarka musiqisindən tam fərqli notlarla tanış olduğunu deyən müğənni mahnılarımızdakı dərin, incə ahənglərin Avropa musiqisində olmadığını bildirmişdir. O demişdir: “Azərbaycan musiqisinə vuruldum. Gələcəkdə Azərbaycan mahnıları, musiqisi ilə Danimarka musiqisinin sintezini ifa etmək niyyətindəyəm. Mənim repertuarımda Azərbaycan mahnıları əsas yer tutacaqdır. Azərbaycana gəlməyi çox arzulayıram. Ölkənizin ecazkarlığı haqqında çox eşitmişəm və bu gözəlliyi yaxından görmək istərdim”.
O, Azərbaycanın ən görməli yerlərində səsini həkk etməyi düşünür. “Məqsədim sadəcə oxumaq deyildir. İnsanların gur olduğu yerlərdə səsimin gücünü göstərmək istəyirəm. Azərbaycanda bu layihəni həyata keçirəcəyimə ümidim böyükdür”.
Müğənni musiqinin, mədəniyyətin insanlar arasında sülh yaradacağına inanır. O, müxtəlif ölkələrin ən yaxşı musiqilərini dərindən öyrənərək öz orkestri ilə işləyib CD və DVD disklərdə Danimarkaya təqdim edir. Qudrin Holk artıq Bolqarıstan, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya və Türkiyədə belə layihələr həyata keçirmişdir. Müğənni “Güclü” adlı CD diskində rok üslubunda musiqiləri toplanmışdır və o, bu albomunu daxilən güclü insanlara ithaf etmişdir.
Digər danimarkalı musiqiçi Anne Mariya Vanq Azərbaycan ilə ilk tanışlığının onun musiqisindən başladığını deyir. Evində Azərbaycan rəqslərindən və klassik musiqisindən ibarət diskləri də olduğunu deyən müğənni Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə bu ölkədə bir müddət musiqi tədrisi ilə məşğul olduğunu və burada Azərbaycan mədəniyyəti ilə yaxından tanış olmaq imkanı əldə etdiyini bildirir. Anne Mariya Türkiyədə olduğu dövrdə bir neçə Azərbaycan mahnısını da öyrənmişdir. Onun repertuarına ilk olaraq “Ayrılıq” mahnısı daxil olmuş, sonradan isə “Girdim yarın bağçasına”, “Sarı gəlin”, “Yalqızam” və digər mahnıları ifa etmişdir.
Danimarkada yaşayan həmvətənlərimiz bu ölkədə Azərbaycan musiqisini böyük həvəslə təbliğ edir və yayırlar. Danimarkada doğulan azərbaycanlı uşaqlar da bizim musiqi ilə böyüyürlər. Burada böyüyən Səbinə də Azərbaycan musiqisini bütün musiqilərin fövqündə olduğunu bildirir və milli musiqimizi çox sevir. Kəmalə Hüseynovanın rəhbərliyi ilə dəfələrlə Danimarka auditoriyasına azərbaycanlı uşaqların iştirakı ilə milli rəqslərimiz və mahnılarımız təqdim olunmuşdur.