İQTİSADİYYAT
Azərbaycan mütəxəssisləri “Cisco IT Battle” müsabiqəsində iştirak edəcəklər
Bakı, 30 noyabr, AZƏRTAC
Azərbaycanın informasiya texnologiyaları üzrə mütəxəssisləri “Cisco” şirkətinin keçirdiyi beynəlxalq “Cisco IT Battle” (it-battle.com) müsabiqəsində iştirak edəcəklər.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, müsabiqəyə EMEAR regionunu (Afrika, Yaxın Şərq, Avropa və MDB ölkələri) təmsil edən informasiya texnologiyaları üzrə mütəxəssislər dəvətlidir. Tədbir iştirakçıları yarışlarda informasiya texnologiyaları sahəsindəki bilik və bacarıqlarını sınayacaqlar. Müsabiqənin qalibi 2016-cı il fevralın 16-dan 19-dək Berlində keçiriləcək “CiscoLive” konfransına pulsuz səfər etmək şansını əldə edəcək.
“Cisco IT Battle” müsabiqəsi bir neçə mərhələdən ibarət olacaq. Beynəlxalq tədbirdə “Cisco”nun CCNA, CCNP və CCIE sertifikatlaşdırma proqramlarına uyğun olaraq 3 növ yarış nəzərdə tutulub. Müsabiqə başa çatdıqdan sonra ən yüksək reytinqi olan ölkə qalib elan ediləcək.
Qeyd edək ki, dekabrın 2-dən 5-dək Bakıda keçiriləcək “Bakutel 2015” sərgisinin ziyarətçilərinə “Cisco IT Battle” çərçivəsində müsabiqə haqqında ətraflı məlumat veriləcək.