MƏDƏNİYYƏT
Azərbaycan növbəti İFTM Top Resa beynəlxalq turizm sərgisində iştirak edəcək
Paris, 22 iyul, AZƏRTAC
SNAV-ın Bakı toplantısı çərçivəsində imzalanan anlaşma memorandumundan sonra fransız mətbuatı Azərbaycan turizmi istiqamətində təşviqatı davam etdirir.
Turizm sahəsində ixtisaslaşmış mötəbər http://www.tourmag.com saytı mədəniyyət və turizm naziri Əbulfəs Qarayevlə müsahibəni dərc edib.
Məqalədə turizmin inkişaf etdirilməsinin hökumətin prioritet istiqamətlərindən biri olduğu vurğulanaraq fransız turistlərinin ölkəyə cəlb edilməsi üçün proqramların hazırlanmasından söhbət açılıb.
Müsahibədə nazir, Azərbaycan ilə Fransa arasında yüksək səviyyəli münasibətlərdən, bu ölkənin turizm sahəsini təmsil edən nümayəndə heyətinin Bakıya dəvət edilməsindən və onlarla birlikdə turizm sahəsində əməkdaşlığın perspektivlərinin müzakirə olunmasından danışıb.
Məqalədə Fransa Turizm Nazirliyinin dəstəyi ilə əməkdaşlığın ilk növbədə şəhərlər, muzeylər, xüsusilə də Luvr muzeyi səviyyəsində başlandığı, hər iki ölkənin turizm nazirlərinin qarşılıqlı səfərləri qeyd olunur.
Nazir iki ölkə arasında turizm sahəsində nəticələrin hələ istənilən səviyyədə olmamasını, ancaq bununla belə bu istiqamətdə fəaliyyətin daha da inkişaf etdirilməsinə səy göstərildiyini diqqətə çatdırıb.
Viza məsələsinin sadələşdirildiyini bildirən nazir Fransanın “Entreprises de voyage” turizm müəssisələrini təmsil edən Rişar Subyel ilə imzaladıqları memorandumun əhəmiyyətini vurğulayıb. Onun vasitəsilə turizm sahəsində əməkdaşlığın daha da möhkəmlənəcəyini, müxtəlif turizm agentlikləri ilə mübadilələrin asanlaşacağını bildirib. Azərbaycanın Fransanın turizm sahəsindəki mütəxəssislərinə ehtiyacı olduğu, ölkəmizin növbəti İFTM Top Resa turizm sərgisində iştirak edəcəyini qeyd edib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris