CƏMİYYƏT
Azərbaycan nümayəndə heyəti Əbu-Dabi şəhərində qurulmuş tibbi sığorta sistemi ilə tanış olublar
Bakı, 6 may, AZƏRTAC
Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mütəxəssisləri Əbu-Dabidən səfərdən qayıdıblar. Agentliyin direktoru Zaur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 1-dən 3-dək Almaniyanın “Munich Health and Daman Holding” şirkətinin dəvəti ilə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə olublar.
Bu barədə AZƏRTAC-a agentliyin mətbuat xidmətindən məlumat verilib.
Nümayəndə heyəti Almaniyadan olan mütəxəssislərin texniki dəstəyi ilə Əbu-Dabi şəhərində qurulmuş tibbi sığorta sistemi, xüsusilə sistemin ümumi təşkili, tibbi xidmətlərin göstərilməsi və tibbi sığortanın tətbiqində informasiya texnologiyalarının tətbiqi və mövcud monitorinq mexanizmləri ilə tanış olublar, müvafiq dövlət və qeyri-dövlət qurumları ilə rəsmi görüşlər keçiriblər.
Agentliyin şöbə müdiri İsa Əliyevin sözlərinə görə, “Munich Health and Daman Holding” şirkəti Əbu-Dabinin icbari tibbi sığorta sisteminin qurulmasında iştirak edir. O deyib: “Səfərimizin məqsədi adıçəkilən tibbi sığorta qurumunun sığorta sahəsindəki işi, o cümlədən yaxın keçmişdə islahatların aparılmasında məsləhətçi alman şirkətinin rolu ilə yaxından tanış olmaq idi. Agentliyin mütəxəssisləri Birləşmiş Ərəb Əmirliklərinin deyil, Almaniyanın “Munich Health and Daman Holding” şirkətinin işi ilə tanış olublar”.