İQTİSADİYYAT
Azərbaycan nümayəndə heyəti Dünya Əqli Mülkiyyət Təşkilatının iclasında iştirak edib
Bakı, 30 sentyabr (AZƏRTAC). Sentyabrın 22-30-da Cenevrədə Dünya Əqli Mülkiyyət Təşkilatının (DƏMT) üzv Dövlətlərinin Assambleyasının 54-cü iclası keçirilib. İclasda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.
Komitədən AZƏRTAC-a bildiriblər ki, tədbirdə DƏMT-nin baş direktorunun, eləcə də təşkilatın regional qruplarının, komitələrinin hesabatları dinlənilib.
Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində bir sıra görüşlər də keçirib. İran nümayəndə heyəti ilə görüşdə tərəflər İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Sənaye Mülkiyyəti üzrə Əlaqələndirmə Komitəsinin bu il iyunun 16-da Bakıda keçirilmiş 2-ci iclasının yekunlarına və sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparıblar.
DƏMT-nin baş direktoru ilə görüşdə isə Frensis Qarrinin bu ilin mayında Bakıya rəsmi səfərinin yekunları nəzərdən keçirilib.