İQTİSADİYYAT
Azərbaycan nümayəndə heyəti III Dünya İnternet-Konfransında təmsil olunur
Bakı, 16 noyabr, AZƏRTAC
Azərbaycan nümayəndə heyəti Çinin Uçjen şəhərində keçirilən III Dünya İnternet-Konfransında təmsil olunur.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, noyabrın 16-da işə başlayan internet-konfransı “Kiberməkanda birgə gələcək cəmiyyətinin qurulması - İnnovasiya-hərəkətverici internetin inkişafı hamıya faydalıdır” devizi altında keçirilir.
Noyabrın 18-dək davam edəcək beynəlxalq tədbirdə dünyanın 110 ölkəsindən, o cümlədən 16 beynəlxalq təşkilat, 1200-dən çox hökumət, özəl və akademik təsisat, qeyri-hökumət və ictimai təşkilat nümayəndələri iştirak edir.
Tədbirin açılış sessiyasında Çin Xalq Respublikasının Sədri Si Cinpinin videomüraciəti səsləndirilib.
Builki toplantıda 20 aktual mövzu üzrə 16 forumun keçirilməsi nəzərdə tutulub. Konfransda internetin bugünkü çağırışları və gələcək inkişafı, o cümlədən internet iqtisadiyyatı, innovasiyalar, internet mədəniyyəti, kiberməkanın idarə olunması və təhlükəsizliyi, internetdə qlobal əməkdaşlığa həsr olunmuş mövzular ətrafında müzakirələr aparılacaq. Həmçinin təşkil olunan sərgi və təqdimatlarda yeni məhsullar, innovativ həllər nümayış olunacaq.